\
25 Noyabr 2024 - Bazar ertəsi

"O cür təqdimatla Afət Fərmanqızının cılız formatını müqayisə etməyin yeri yoxdur..." - Gülüstan Əliyeva

"O cür təqdimatla Afət Fərmanqızının cılız formatını müqayisə etməyin yeri yoxdur..." - Gülüstan Əliyeva
1831baxış
18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bugünkü müsahibimiz Azərbaycanın əməkdar artisti, Azərbaycan Opera və Balet Teatrının solisti, Milli Konservatoriyanın dosenti Gülüstan Əliyevadır.
 
- Gülüstan xanım, Milli Musiqimizin günündə Sizinlə musiqidən danışmaq istərdik. Gəlin razılaşaq ki, incəsənətdə olub bu gündən bixəbər olanlar da az deyil...
 
- Əlbəttə, haqlısınız. Əslində bu günün qədir-qiymətini, mahiyyətini bilməyənin musiqidən, sənətdən danışmağa haqqı yoxdur. Musiqiçiyəm deyir, amma bu gün haqda heç bir məlumatı yoxdur, sadəcə fəlakətdir! 
 
- Nədəndir görəsən? 
 
- Bunun üçün orda-burda fonoqramla mahnı oxumaq lazım deyil! Ən azından, bir elmə yiyələnmək lazımdır ilk öncə. Musiqi ilə böyümək, içində yaşamaq lazımdır. 
 
- Tələbələrinizə bu gün ilə bağlı təbliğat aparırsınız? 
 
-  Mütləq! Birmənalı şəkildə! Əminəm ki, mənim kimi həmkarlarım da eynən təbliğatla məşğuldurlar. Musiqi mədəniyyətimizə, xalqımıza, incəsənətimizə töhfələr verən Üzeyir byi unutmaq... musiqidən, müğənnilikdən danışmasın o şəxs! Bilirsiniz, həmişə demişəm, sənət ayrı, bayağılıq ayrı.
 
- Gəlib çatdıq "əsas məsələ"yə. Sami Yusuf, yoxsa Afət Fərmanqızının “Sığmazamı”?
 
- Fərqi müqayisə belə etmək istəmirəm! Bizə yaraşmaz! Azərbaycanın dahi şairini, mütəffəkkirini bu qədər ucuzlaşdırmaq olmazdı. Qəribə zamanda yaşayırıq, antireklamın özü də bir reklam sayılır. 
 
- Yəni Afət Fərmanqızından danışmaqla onu reklam edirsiniz? 
 
- Mən sizə bir söz deyim, bir il öncə Qubada keçirilən konsertdə bir müğənni də çıxış edirdim. Adını çəkməyəcəm (əldə etdiyimiz məlumata görə, Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Quba Rayon İcra Hakimiyyəti tərəfindən 10 may 2018-ci il tarixdə saat 12:00-da rayonun Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında möhtəşəm konsert proqramı təşkil olunub. Gülüstan Əliyeva ilə yanaşı Roza Zərgərli, Məhərrəm Həsənzadə, Damla və digərləri də iştirak ediblər – K.A.) . Həmin məşhuru kütləni yığmaq üçün dəvət etmişdilər. O müğənnini dinləməyə gələnlər - ayaqlarında vetnamkalı qara camaat idi. Üzr istəyirəm ifadəmə görə. İndi o müğənni bir ildir ki, arenada yoxdur.
Sözümün canı budur ki, həmin konsertdə bir daha şahidi oldum ki, hər bir kütlənin öz musiqi duyumu var. Afəti dinləyənlər də yəni qara camaatdır. Axın müvəqqəti xarakter daşıyır. Yenə də yeni bir mahnı çıxacaq, o camaat həmin mahnını dinləyəcək. Özünə hörmət edən insan Azərbaycan şairinin sözlərini hansısa hind musiqisinə, hind şousuna yerləşdirib oxumaz. Bunu təhqiramiz şəkildə oxumaq Azərbaycan xalqına hörmətsizlikdir! 
 
- Deməli, Siz bir sənətkar kimi Sami Yusufun “Sığmazam”ını dəstəkləyirsiniz.
 
- Əlbəttə! Sami Yusuf o səviyyədə, o formada – xor kollektivi ilə, tanınmış sənət yoldaşlarımla bərabər Nəsiminin dahi olduğunu nümayiş etdirdi. O cür təqdimatla Afət Fərmanqızının cılız formatını müqayisə etməyin yeri yoxdur. Azərbaycan şeiriyyatını, musiqisini kimlərinsə ucuz şouya çevirməsinə yol vermək olmazdı. Bu, bizim üçün də utanverici olardı. 
 
- Bəs Nəsimi ilində, ümumiyyətlə Nəsiminin şeirlərinə müraciət etmisinizmi? 
 
- 4 il əvvəl Nəsiminin sözlərinə muğam dəstgahını təqdim etmişdim. İTV-nin arxivində də var. Youtube kanallarında da var. İndi də Nəsiminin “Ənəlhəlq” şeirinin üzərində işləyirəm. Televiziya layihəsidir. Oktyabr ayında təqdim edəcəyəm. Bundan başqa, Cahangir Cahangirovun musiqisinə kontata ifa edəcəyəm və əməkdar artist Vüqar Camalzadənin Nəsiminin “Əfəndi” adlı sözlərinə bəstələdiyi mahnımı da ifa edəcəyəm. 
 
Hazırladı: Könül Aypara