\
25 Noyabr 2024 - Bazar ertəsi

“İndi o fırtına yoxdur, elə bil, hamı yatıb” - ABD Malik

“İndi o fırtına yoxdur, elə bil, hamı yatıb” - ABD Malik
1156baxış
Moderator.az bir vaxtlar “Dəyirman” qrupunun üzvü olmuş, hazırda isə solo fəaliyyətlə məşğul olan reper ABD Maliklə müsahibəni təqdim edir:
 
- Çoxdandır görünmürsünüz...
 
- Şəxsi biznesim var, parfümeriya işi ilə məşğulam. Bu sahə üzrə Fransada peşəkarlıq diplomu almışam. Artıq iki ildir ki, “Rush-Rush” öz parfümeriyam satışdadır. “İdeal” mağazalar şəbəkəsində satılır. Qeyd edim ki, ilk Azərbaycan brendidir. 
 
- Bəs sənət eşqi? 
 
- Bir ayağım səhnədədir, sözsüz ki. Çox ləng işləyirəm səhnədə. İşlərim çoxdur. Hamısını qarışdıra bilmirəm. Sonuncu layihəm Röya ilə olub. Qışa yaxın yerli ulduzlarla yeni layihəm olacaq. Tam açıqlaya bilmirəm. Amma biri kişi, digəri qadındır. Hər ikisi Əməkdar artistdir. Konsert planlarım, klip çəkilişlərim hələ ki, yoxdur. Olacaq inşallah. Yavaş, ləng işləsəm də, səviyyəli iş  təqdim etmək istəyirəm. 
 
- Səhnədəki rep janrının hazırkı durumu sizi qane edirmi? Ümumiyyətlə, Azərbaycanda rep hansı vəziyyətdədir?
 
- Fikrimcə, ümumiyyətlə, Azərbaycanda hal-hazırda rep peşəkar səviyyədə, böyük səhnədə yoxdur. Çox istərdim ki, olsun. Səhnədə vəziyyət maraqsızdır və ağ-qaradan ibarətdir. 2000-ci illərin əvvəlləri rep çox rəngarəng idi, hər bir müğənninin mahnısı hit olurdu. İndi isə o fırtına yoxdur, təəssüf ki, elə bil hamı yatıb. Bir monopom durumdur. 
 
- Bəlkə özünüz kənarda qalmısınız deyə, görmürsünüz? 
 
- Yox, niyə ki? İzləyirəm. Amma istədiyimi görə bilmirəm. 
 
- Məsələn, Röya... O, tutarlı layihələrlə çıxıb tamaşaçılarının qarşısına.  
 
- Röya, əsasən türk stilinə daha çox özünü atıb. Bu, mənim subyektiv fikrimdir. Mən köhnə Röyanı istəyirəm. 2000-ci illərin əvvəlindəki Röyanı istəyirəm. Bu, Miryusifə də aiddir. Sanki bütün mahnıları bir-birinə oxşar vəziyyətdədir. 
 
- Bəlkə hər şeyi müğənnilərin boynuna atmayaq? Bəstəkarların da rolu olmalıdır bu işdə.
 
- Zəmanədən asılıdır. Ola bilsin bu, nə vaxtsa düzələcək. Düzəlməyə doğru gedir hətta. 
 
- Seriallara dəvət alırsınız?
 
- Bir dəfə almışam, amma ssenari xoşuma gəlmədi deyə, etiraz etdim. Mən, ümumiyyətlə, kastinq-menecerəm, konsultantam. Türkiyədə reklam çəkilirsə, məni çağırırlar. Türk aktyorlara bir azərbaycanlı obrazının öhdəsindən necə gəlməyi öyrədirəm. Və sırf buna görə, fikrimcə, hər hansısa bir rolun öhdəsindən asanlıqla gəlməyi bacararam. Çox istərdim ki, hansısa filmdə bir rola çəkilim. Bu, mənim ən böyük arzumdur. Çox həmkarlarım çəkilib. Təəssüf ki, indiyədək bir kinoda çəkilməmişəm. 
 
- O istedadı hiss edirsiniz özünüzdə? 
 
- İnanıram ki, etimadı doruldacağam. 
 
- Hansı janrda filmə çəkilmək istərdiniz?
 
- Həm komik, həm də romantik rol oynaya bilərəm. Elə sizin saytınız vasitəsilə rejissorlara müraciət edirəm ki, məni filmlərə dəvət etsinlər. 
 
 
Könül