\
25 Noyabr 2024 - Bazar ertəsi

“Mənim izləyicilərimin sayı qeyri-həqiqi yollarla artırılmır” - Əməkdar artist Bəhram Bağırzadə

“Mənim izləyicilərimin sayı qeyri-həqiqi yollarla artırılmır” - Əməkdar artist Bəhram Bağırzadə
1920baxış
Moderator.az-ın “Danışacaqlarım var” rubrikasının bugünkü qonağı Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadədir – “KVN”şik Bəhram...
 
- Bəhram müəllim, xoş gördük sizi. Niyə belə kökəlmisiniz?
 
- İşlər görürəm, ona görə... İşləmək, işləmək və yenə də işləmək!
 
- Hansı işlərdir elə?
 
- Bu il 40 ədəd kitabım işıq üzü görüb. Bütün il boyu uşaqlar üçün kitablar yazmışam. 
 
- Əsasən böyüklərin üzündə təbəssüm yaradan aktyorumuz azyaşlıları da unutmur, demək ki...
 
- Uşaqlar bizim həyatımızın bir parçasıdır. Onları gərək heç zaman unutmayaq. Daima fikir-zikrimiz uşaqlara yönəlməlidir. Amma bizdə bir boşluq var sanki. Uşaqları ikinci plana salırıq nədənsə... Bu, düzgün deyil. Mən də bu boşluğu görüb, onlara az da olsa nəsə töhfə vermək istədim. 
 
- Bəs səhnə? Siz də səhnəni ikinci plana salmısınız?
 
- Yox, niyə ki? Ən azından dörd filmə çəkilirəm. Moskvadan isə iki film təklifi almışam. Tezliklə işlərə başlanılacaq. Türkiyədən də təklif almışdım, amma razılaşmadım. 
 
- Səbəb?
 
- Ssenari ilə tanış oldum, xoşuma gəlmədi. 
 
- Seriallara necə? 
 
- Baxıram, amma çəkilmirəm. Özüm istəmirəm. Gündəlik vaxtımı seriala həsr edə bilmərəm, ondansa daha səmərəli və miqdarca çox işlər görə bilərəm deyə düşünürəm. 
 
- Bəhram Bağırzadəni Azərbaycanda, xüsusilə MDB ölkələrində də “KVN”şik kimi tanıyırlar. “Bakılı oğlanlar” komandasının ən zarafatcıl, hazırcavab və ləhcəli bir siması kimi yaddaşlarda qalmısınız... Bəs niyə bu yöndəmdə işlər görmədiniz? Niyə bir “məktəb”iniz, davamçılarınız, tələbələriniz olmadı? Hansı ki, özünü təqdim edəndə ya, “mən Bəhram Bağırzadənin məktəbini keçmişəm” və ya “mən “Bakılı oğlanlar” klubunun yetirməsiyəm” desin?
 
- Onu mən etməməli idim. Gərək edilərdi, düzdür. Amma indi mən varam, sağam! Kim öyrənmək istəyirsə, buyursun. 
 
- Hər sizin tələbəniz olmaq istəyənə qapılarınız açıqdır?
 
- Xeyr! Artistlik bir istedaddır. Əlbəttə ki, kastinq yolu ilə seçim edərəm. Və görərəmsə bu insanın canında, damarlarında “KVN”şik qanı axma ehtimalı var, onunla işləyərəm. 
 
- Cavan komik aktyorlardan kimi bəyənirsiniz? Kimi “like” edirsiniz?
 
- Hamısını! Taleh Yüzbəyov, Əlixan...
 
- Özünüzü də “viner” adlandırmaq olar...
 
- Hobbi kimi məşğul oluram. 
 
- Amma izləyicilərinizin sayı kifayər qədər çoxdur...
 
- Gündən-günə də artır. Artıq 200 milyona gəlib çatıb. Gün ərzində 400-500 adam sayı artım olur. İlin axırına, İnşallah, yarım milyona çatdıracağam. 
 
- Hansı yollarla?
 
- Keyfiyyətli videoroliklərimlə, əlbəttə ki. Mənim izləyicilərimin sayı qeyri-həqiqi yollarla artırılmır. 
 
- Var belələri?
 
- Niyə yoxdur ki?! O qədər...
 
- Məsələn, kim?
 
- Görməmişəm deyə heç kimin babalını yuya bilmərəm, amma belə hallar var. 
 
Hazırladı: Könül Aypara