Rəfael İsgəndərov: “Bir də onda ayıldım ki, videolar çəkilir, paylaşılır...” - “Elə bilirsiniz ki, biz bu gün əməkdar artistik deyə, hamı bizim üçün sino gedir?”
Moderator.az-ın “Danışacaqlarım var” rubrikasının növbəti qonağı Azərbaycanın əməkdar artisti Rəfael İsgəndərovdur.
- Rəfael bəy, vaxtınızın çox hissəsini idman zallarında keçirirsiniz. Konsertlərə mane olmur ki bu məşğuliyyət?
- Qətiyyən. Həmişə olduğu kimi idmanla məşğul oluram. Eyni zamanda da yaradıcılığımla. Noyabrın 2-3-dən Sumqayıtdan konsertlərimizə başlayırıq. 7-dən etibarən isə beş günlük H.Əliyev Sarayında tamaşaçılarımızla görüşəcəyik.
- Tərəf müqabiliniz niyə gözə dəymir? Salamatçılıqdırmı?
- İşləri çoxdur. Allaha şükür ki, səhhəti yerindədir.
- Oğlunuz deyəsən, yolunuzla addımlamağı qarşısına məqsəd qoyub... İnstaqram fenomeninə çevrilib artıq.
- Mən heç nə deyə bilmərəm. Başlayıb da...
- İstedadı varmı? Səhvlərini, düzlərini göstərirsinizmi?
- Deyirəm özünə də, tərəf müqabillərinə də, dostlarına da (vinerlər nəzərdə tutulur – K.A.) Amma əslində bu uşaq 3 yaşında – 2000-ci ildə bizimlə “Space”də yumoristik verilişilərimizə, 7 yaşında “Moskva-Bakı qatarı”nda çəkilib, AZTV-də 9 yaşından 11 yaşına kimi uşaq verilişinin aparıcısı olub.
- Tam ixtiyarı var deməyə ki, “mən bu sənətə uşaq yaşlarımdan gəlmişəm”...
- Mən tapşırıb –eləmirdim ha, özləri dəvət edirdilər. Açığı, mən istəmirdim ki, gəlsin bu sferaya. Bir də onda ayıldım ki, videolar çəkilir, paylaşılır və...
- Arzunuz nə idi oğlunuzla bağlı? Hansı sənətin sahibi olmasını istərdiniz?
- Elə də arzum yox idi. İstədiyim o idi ki, həyatda sevimli işi ilə məşğul olsun.
- Qızınız da deyəsən, yaradıcılıqla məşğuldur...
- Qızımın artıq 3-cü kitabı işıq üzü görüb. İkisi Türkiyədə çap olunub. Üçüncü kitabı 5-6 gündür ki, Bakıda işıq üzü görüb.
- Oğlunuzun seçdiyi yolun mənbəyi bəllidir. Bəs qızınız?
- Anamgil tərəf bakılılardan ibarətdir, incəsənətlə məşğul olan olmayıb onlar arasında: uzağı olub musiqi müəlliməsi-filan. Atamgil tərəfdəm qarabağlıyam. Əslimiz Bərdədəndir. Çox istedadlı insanlar var o tərəfdə. Atam şəxsən özü heç bir musiqi savadı olmadan gözəl saz, tar, pianino ifa edib, muğam oxuyub. Bizə istedad Qarabağ tərəfdən keçmədir. Həmçinin bibim uşaqları.. Yəni belə..
- Gənc davamçılarınızı necə, bəyənirsinizmi? Kənardan bir əməkdar artist kimi cavanların əməyini necə qiymətləndirirsiniz?
- Pisləmək də olmur axı... Yavaş-yavaş hamısı hər şeyi öyrənməlidir. Çəkə-çəkə... Elə bilirsiniz ki, biz bu gün əməkdar artistik deyə, hamı bizim üçün sino gedir? Bizi də bəyənməyənlər, hətta üzümüzə belə deyənlər var. Deyəndə ki, nə istəyirsən? Qalır belə.. Deyirlər, nə qədər qayınana-gəlin mövzusu olar? A balam, dünya durduqca bu problem də olacaq, klassik düşməndirlər də. Rüşvətxorluq varsa, toyda, yaslarda problemlərimiz varsa, mövzular da, tamaşalar da olacaq. Biz özümüzdən yenilik icad etmirik ki. Nə varsa, onu çıxarırıq ortaya. Cavanları pisləyək, yıxaq qoyaq ora? Düzgün deyil axı. Amma bizimlə məsləhətləşmək istəyənlərə doğru yollar göstəririk. Yaratdığını kimin üçün edirsən? Tamaşaçı üçün. Ümumiyyətlə, hansı peşənin sahibinin yanına gedirsən, digərinin əl işini bəyənmir. Məsələn, dərzi deyir, bu nə şalvardır, düzgün tikilməyib, saç ustası deyir, belə saç düzəldərlər, gör nə günə qoyub səni və s. Bax belə, səhvlərimizin üzərində nələrisə düzəltməliyik. Hamını pisləmək olmaz da axı...
- Efirlərdə embarqo-falan yoxdur ki? Qadağa qoyulmayıb sizə?
- Yox, qətiyyən. Bizdə elə bir mövzu yoxdur ki, embarqo qoyulsun. Allaha şükür, hələ ki, elə bir şey yoxdur.
- Konsertlərə qonaq çağıranda seçim edirsiniz?
- Yox, özləri müraciət edirlər, biz də məsələn, iki dəvətnamə verə bilirik...
- Mənə bu illər ərzində bir dəfə olsun jurnalist kimi bilet verilməyib. Hər il özüm alıram. Bunu biləsiniz...
- Halal olsun. Əsl tamaşaçı sizsiniz! İnanın ki, mən özüm elə müğənni var ki, xoşlayıram onu, bilet alıb, gedib lap yuxarıda, bir küncdə oturub sakitcə dinləyirəm.
- Məsələn...
- Azərbaycan Dövlət Dram Teatrına bilet almışam. Heç xəbərləri də olmayıb. Kimin konsertinə dəqiq yadımda deyil, amma dəfələrlə bilet alıb getmişəm. Düzdür, sağ olsunlar, bir neçə dəfə pulu götürmək istəməyiblər ki, ayıb olar, amma etiraz etmişəm. Məsələn “Barbie” Ruhəngizin konsertinə gedib dinləmişəm onu. İbrahim Borçalı, Xumar Qədimova...
- Konsert proqramlarınızda kimlərisə parodiya edəndə onların geyimlərini həmin müğənnilərdən alırsınız, yoxsa tikdirirsiniz?
- Ulduzların paltarlarını əlbəttə ki, tikdiririk. Mən balaca olsam, axı Coşqunun əyninə gəlməz və ya əksinə. Efirə çıxanda paltarlarına baxırıq, kopyalayırıq, aparıb eynisini tikdiririk. O işlərimizə Coşqun baxır. Atributlarını ola bilsin ki, özlərindən xahiş edib alaq.
- Onda həmin müğənni bilir ki, konsertdə parodiya olunacaq.
- Ümumiyyətlə, kim parodiya olunacaqsa, onun özünə bəri başdan deyirik. Ağsaqqallardandırsa dəvət edirik, gəlib ssenariyə baxır. “hə-hə”, “yox-yox”.
- Olubmu ki, kimsə hay-küy salsın etiraz edəndə?
- Yalnız bir nəfər etirazını bildirib.
- Kimdir o?
- Adını deməyəcəyəm. TV adamı idi. Gəldi dedi ki, mənim əskim tüstülüdür, sadəcə istəmirəm adımı hallansın. Amma elələri də var ki, özləri xahiş edirlər ki, nolar, məni də parodiya edin. Sonra da söz-söhbət buraxaq ki, guya məhkəməyə verəcəm sizi, nə bilim-nə...
- Aha, Elza Seyidcahan kimi?
- Yox, onunla dostuq.
- Amma o vaxtı sizi məhkəməyə verəcəyi ilə hədələyirdi...
- “Efirni şutkalar”dır hamısı.
Hazırladı: Könül Aypara