\
22 Noyabr 2024 - Cümə

Nazir Hətəmov: “Bu həm vətənimiz, həm də Rusiya Federasiyası üçün faydalı olardı”

Nazir Hətəmov: “Bu həm vətənimiz, həm də Rusiya Federasiyası üçün faydalı olardı”
1169baxış

Rusiyada azərbaycanlılar tərəfindən siyasi partiyaların yaradılması daha əlverişlidir

Nazir Hətəmov: “Bu həm vətənimiz, həm də Rusiya Federasiyası üçün faydalı olardı”

“Belə bir partiyanın yaradılması nəticəsində biz bu ölkədə keçirilən bu və ya digər seçkilərdə azərbaycanlı olaraq Rusiya vətəndaşlarımıza səs verə bilərik”

Azərbaycanlıların bu gün ən çox sıx məskunlaşdığı, yaşadığı ölkələrdən biri də şimal qonşumuz olan Rusiya Federasiyasıdır. Ona görə də bu ölkədə diasporumuzun daha mütəşəkkil, daha korrdinasiya edilmiş şəkildə fəaliyyət göstərməsi günün tələbidir.

Bəs görəsən, bu gün şimal qonşumuzda diasporumuzun durumu hansı səviyyədədir?

Bu və ya digər suallarla Rusiya Federasiyasında Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Edinstvo” (Birlik) Regionlararası Konqreslər Assosasiyasının vitse-Prezidenti Nazir Hətəmovla söhbətləşdik.

“Yeni Gundem”-e verdiyi müsahibədə Nazir Hətəmov uzaq Saxalində soydaşlarımızın üzləşdikləri problemlərdən də danışıb.

-Nazir müəllim, bildiyimiz qədər siz Rusiya Fedarasiyasının Saxalin vilayətində fəaliyyəti dayandırılmış Ümumrusiya Azərbaycan Konqresinin sədrisiniz və uzun illərdir şimal qonşumuzda diaspora fəaliyyəti ilə məşğulsunuz?

İlk sualım bundan ibarətdir ki, ermənilərin bu ölkədə çoxluq təşkil etməsini nəzərə aldıqda Rusiyada diaspora fəaliyyəti ilə məşğul olmaq nə dərəcədə asan və ya çətindir?

-Bəli. Rusiya Fedarasiyasının Saxalin vilayətində fəaliyyəti dayandırılmış Ümumrusiya Azərbaycan Konqresinin sədri olmuşam və hal-hazırda Rusiya Federasiyasında Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Edinstvo” (Birlik) Regionlararası Konqreslər Assosasiyasının vitse-Prezidentiyəm. O, ki, qaldı Rusiyada ermənilərin çoxluq təşkil etməsinə, dediyinizdə həqiqət var. Ancaq onu da nəzərə almaq lazımdır ki, azərbaycanlılar da Rusiyada kifayət qədərdir. Biz də öz növbəmizdə çalışırıq ki, malik olduğumuz imkanlardan, resurslardan yararlanaraq diaspor təşkilatlarına qarşı ermənilər tərəfindən yönələn hansısa təxribatları önləyə bilək.
-Ümumiyyətlə, Rusiyada Azərbaycan diasporunun vəziyyətini necə xarakterizə edərdiniz?

Bu ölkədə diasporamız uğurlu fəaliyyət göstərə bilirmi?

-Rusiyada Azərbaycan diasporunun vəziyyətini belə xarakterizə edə bilərəm. Bəli, bu ölkədə diasporumuz zamanında çox güclü idi, ancaq bugünkü gündə çox zəifdir. Bu zəiflik də ümumi diaspor rəhbərimizin olmamasından irəli gəlir. Digər tərəfdən onu qeyd edə bilərəm ki, artıq Rusiyada yeni diaspor qurumlarının yaradılmasi mənasızdır. Biz azərbaycanlılar yetərincə özümüzü Rusiyada, lazımı səviyyədə, yaxşı mənada tanıtdıra, təbliğ edə bilmişik. Rusiya dovləti burada Azərbaycan diasporunun yaranmasına heç bir maneə törətmir. Ancaq bildirmək istəyirəm ki, biz Azərbaycan dövlətinin övladları olaraq Böyük Vətən müharibəsindən tutmuş, bu günə kimi Rusiyada Azərbaycanı və Azərbaycançılığı təbliğ edib, tanıtmışıq. Məncə artıq Rusiyada azərbaycanlılar tərəfindən siyasi partiyaların yaradılması daha əlverişlidir. Bu həm vətənimiz, həm də Rusiya Federasiyası üçün faydalı olardı. Belə bir partiyanın yaradılması nəticəsində biz bu ölkədə keçirilən bu və ya digər seçkilərdə azərbaycanlı olaraq Rusiya vətəndaslarımıza səs verə bilərik. Yaxud Azərbaycanı sevən Rusiya nümayəndələrinin ətrafında tam olaraq birləşə bilərik.
-Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatı ləğv edildikdən sonra Rusiyada diaspor sahəsində bir geriləmə, çətinlik müşahidə edildi. Ancaq son vaxtlar bu sahədə yenidən bir canlanma özünü göstərir.

Fizuli Məmmədovun Rusiya Azərbaycanlıları İttifaqı təsis etməsi, diaspor təşkilatlarını bir mərkəzdə birləşdirmək kimi cəhdləri necə qiymətləndirirsiniz.

Yenidən birgə, koordinasiya olunmuş şəkildə fəaliyyət mümkün ola bilərmi?

-Doğru qeyd edirsiniz ki, məlum hadisədən sonra diasporumuzda çətinlik oldu və bu günə kimi də heç bir irəliləyiş yoxdur. Əsas səbəblərdən biri ondan ibarətdir ki, diospor fəaliyyətindən anlayışı olan şəxslər diaspora təşkilatlarının sədrləri olmalıdır. Azərbaycan diasporunun rəhbəri səfiri, səfirlik əməkdaşlarını, hər bir diaspor nümayəndəsini üzdən tanımalı və hər birinə sahib çıxmalıdır. Təssüflər olsun ki, nə səfirlik, nə də diaspor rəhbərimiz heç bir diasporu nə üzdən, nə də xarakterindən tanımır. Fizuli Məmmədov haqqında isə onu deyə bilərəm ki, Azərbaycanda vətənpərvərlik nümunəsi olan bir şəxs kimi ona böyük hörmət bəsləyirəm. Onun qazilərimizə və şəhid ailələrinə etdiyi hər bir təmənnasız dəstəyi alqışlayıram. Fizuli Məmmədovun Rusiya Azərbaycanlıları İttifaqı təsis etməsı çox təqdirəlayiqdir. Ancaq bu ittifaqla diasporlarımızın koordinasiya olunması çətindir. Bunun da səbəbləri var. Məsələn, Rusiyada elə diaspor rəhbərləri var ki, hər biri özünü Fizuli Məmmədovdan üstün görür. Bildiyim qədər Fizuli Məmmədovun təşkilatı bu günə qədər Rusiyanın Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməyib. Məncə Fizuli Məmmədov Rusiyanın vilayətlərinə öz nümayəndələrini göndərməli, onlar vasitəsilə təkliflərini vilayətlərə çatdırmalı idi. Ancaq bildiyim qədər bunların heç biri olmayıb. Bu gün Rusiyanın hər bir vilayətində Azərbaycan diasporu fəaliyyət göstərir və onların hər birinə keçdiyi çətin yolda uğurlar arzu edirəm.

-Səhv etmirəmsə Siz eyni zamanda Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Edinstvo” (“Birlik”)Regionlararası Konqreslər Assosiasiyasının vitse-prezidentisiniz.

Adətən Rusiyada azərbaycanlıların üzləşdikləri problemlər hansılardır və təmsil etdiyiniz Assosiasiya həmin problemlərin həllinə nə dərəcədə yardım göstərə bilir?

-Sizin də qeyd etdiyiniz kimi mən Rusiya Federasiyasında Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Edinstvo” (Birlik) Regionlararası Konqreslər Assosasiyasının Vitse-Prezidentiyəm və təşkilatımız hər zaman bacardığı və hüququ çatdığı qədər hər bir azərbaycanlıya dəstək durmağa hazırdır. Rusiyada yaşayan azərbaycanlılarımızın problemləri bir qayda olaraq Azərbaycanda olan problemlərdən heç də seçilmir.
-Bildiyimiz qədər siz Laçın rayonunda anadan olmusunuz.

Uzaq Saxalində Laçınlı günləriniz, Laçın rayonu yadınıza düşəndə nəylə təsəlli tapırsınız, necə unutdurursunuz Laçını?

-Bəli, mən Laçın rayonunda anadan olmuşam. Laçın bizim ata -babalarımızın torpağıdır. Uzaq Saxalində və yaxud qeyri bir vilayətdə, ölkələrdə nə Laçını, nə də Qarabağı unutmaq üçün heç bir təsəlli tapa bilməmişəm. Təsəlli o vaxt tapa bilərəm ki, şəhidlərimizin qanını, qisasını alaraq Qarabağımızın hər bir rayonunda, hər bir ucqar dağlarında tonqal yandıraraq Azərbaycan bayrağını dalğalandıraq.

-Laçının da təbiəti, havası soyuq və sərt olduğunu nəzərə alsaq, Saxalinə yerləşməyinizdə bu amilin rol oynadığını söyləyə bilərikmi?

-Laçın rayonunun təbiəti, havası, bulaqlarını heç bir Saxalin və ya başqa vilayətlərlə müqayisə edə bilmərəm. Ona görə ki, Laçının və Qarabağın hər bir qarış torpağı mənim üçün əzizdir.

-Son olaraq bilmək istərdim ki, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində baş verən dəyişiklikdən sonra bu istiqamətdə, diasporumuzun daha mütəşəkkil şəkildə fəaliyyət göstərməsi baxımından bir irəliləyiş müşahidə edilirmi?

-Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində baş verən dəyişikliklərdən sonra hələlik heç bir irəliləyiş müşahidə etmirəm. Fikrimcə sözügedən Dövlət Komitəsi tamamilə ləğv edilməli və müxtəlif ölkələrdə fəaliyyət göstərən səfirliklər həmin ölkələrdəki diasporlarla ciddi əlaqə yaratmalıdır. Onlar da birbaşa Prezident Administrasiyasına tabe olmalıdırlar.