\
22 Noyabr 2024 - Cümə

"Yəqin hələ ki, məni hələ fəxri ada layiq bilmirlər, layiq biləndə təltif edərlər..." - Bahar Lətifqızı

"Yəqin hələ ki, məni hələ fəxri ada layiq bilmirlər, layiq biləndə təltif edərlər..." - Bahar Lətifqızı
2256baxış
Moderator.az-ın “Danışacaqlarım var” rubrikasının bugünkü qonağı müğənni Bahar Lətifqızıdır. 
 
“Qarşıda tamaşaçılarıma yeni bir duet təqdim edəcəyəm, kiminlədir, bu, sürpriz olaraq qalsın. Repertuarımda tamam başqa bir səpgidə yenilik olacaq”, - deyən müğənni söhbətə başladı:
- Sonuncu iki-üç mahnımı götürmüşəm studiyadan. 2-3 mahnı da hələ aranjimandadır. Fotosessiyaya ehtiyac yoxdur, klip çəkilişlərinə də həmçinin. Bu məsələnin ən böyük problemi budur ki, telekanallarda müəyyən insanların klipləri yayımlanır. Yəqin ki, orda da müəyyən siyahı var, bilmirəm. Ona görə də klip olmayacaq. Qarşıda isə H.Əliyev adına Sarayda konsert planlaşdırıram. Ssenari təkcə milli instrumental alətlərdən ibarət olan mahnılar yox, fərqli bir formada olacaq. 
 
- Bahar xanım, telekanallarda kliplərin nümayişi ödənişlidir, bilirsiniz ki bunu...
 
- Bəli, ona görə də klip çəkdirmirəm!
 
- Efirlərə dəvətlər necə, pulludur?
 
- Başqalarını bilimirəm, amma məni pulsuz çağırırlar. Ümumiyyətlə, mən telekanallara qədəm qoyanda – hardasa 16 il əvvəl, o vaxtlar pul söhbəti yox idi. O zaman repertuara, müğənninin səsinə, ifa etdiyi mahnıya baxırdılar. Əsas bunlar idi. Bu pul məsələsi də son zamanlar çıxıb. Vallah, heç kim də qınanılası deyil. Hər kəsin öz iqtisadi hesabatı var. Ödəniş edən və etməyən müğənnilər bölünüblər artıq. Reytinqi olan müğənnilər pulsuz, təzə çıxanlar isə pul verib çıxırlar efirlərə. Elə də olub ki, təzə çıxanlar gəlib köhnələri ötüb keçiblər. 
 
- Praktikanızda belə hadisələrlə üzləşmisinizmi?
 
- Əlbəttə. Mən bunu normal qəbul edirəm. 
 
- Neçə ildir sənətdəsiniz?
 
- 25-26 ildir. 6 yaşdan bəri. O zaman Sumqayıtdakı “Qorsaq” adlı Mədəniyyət Evində çıxış edirdim. 
 
- İlk müəlliminiz kim olub?
 
- İlk müəllimim elə “Qorsaq”da işləyən Sədulla müəllim, Əli müəllim (nağara ifaçısı), A.Zeynallıya qəbul olandan sonra Tacir müəllim, Sevinc Tağıyeva, Canəli müəllim olub. Ümumiyyətlə, bütün müəllimlərimin qarşısında baş əyirəm. 
 
- 26 il az müddət deyil. Amma fəxri ad almamısınız hələ də...
 
- Kim ad alıbsa, onların adına sevinirəm. İnşallah, vaxtı gələndə mənə verilər. 
 
- Sizin vaxtınızdan çox keçməyibmi?
 
- Vallah, onu artıq mən yox, xalqımız, dövlətimiz qərar verməlidir. Yəqin hələ ki, layiq bilmirlər. Layiq biləndə təltif edərlər. Mən çox böyük fəxri ada layiq görülmüşəm artıq. Və bununla da həyatımın sonuna qədər fəxr edəcəm. Deyim sizə də o hansı fəxr addır? “Xalqın məhəbbəti”. Vəssalam. 
 
- Sənət yoldaşlarınızdan kiminlə dostluq münasibətiniz var?
 
- Yeganə Mürsəlova, Şəbnəm Tovuzlu... Ümumilikdə götürəndə hamısı ilə dostam. Kimin kiminləsə aurası bir-birinə uyğun gəlirsə, onlar da bir-biri ilə oturub dururlar. Mənim heç kimə qarşı nə narazıçılığım var, nə də mübahisəm olub. 
 
- Çətin duruma düşsəniz, ilk kömək istəyəcəyiniz adam kim olardı?
 
- Vəfa. Həm rəfiqəmdir, həm də 16 illik menecerimdir.
 
- Bəs sənət aləmindən?
 
- Öz ailəm və yaxın dostlarımdan. 
 
- Dövlət tədbirlərinin hamısında iştirak edirsiniz?
 
- Hamısında iştirak etmək mümkün deyil. Çünki ən azından, tədbirlər müxtəlif zamanlarda baş verir. Hamısında heç kim iştirak edə bilməz. Müğənnilər 7 ay ərzində işləmir, qalan 5 və ya 5 ay yarım ərzində işləyir. Hansısa bir dövlət tədbiri gəlib mənim hansısa bir işimin üstünə düşərsə, mən öz işimə gedəcəyəm. Çünki mənim üçün heç bir problemi yoxdur, həm vergi verirəm, həm sosial ödəyirəm. Mən yeganə müğənniyəm ki, adicə ucqar kənddə olan toyumun vergisini ödəyirəm. Bunu məndən başqa heç kəs eləmir. Müqayisə edə bilərsiniz. Ay ərzində, əgər “iş sezonudursa”,  mənim neçə toyum olubsa, yəni neçə toya çağırılmışamsa, prodüserim Vəfa hamısının vergisini aparıb ödəyib. Onu da deyim ki, Vəfa Azərbaycanda yeganə produserdir ki, sənəti üzrə qeydiyyata alınıb. O, mənim sözçümdür və bütün işlərimi ona etibar etmişəm. 
 
- “Etibarnamə” vermisiniz?
 
- Yox, sadəcə bütün işlərimi rahatca görür. 
 
- Bir toy üçün nə qədər faiz vergi ödəyirsiniz?
 
- Əvvəllər əldə etdiyimiz gəlirdən Bakı üzrə 4 faiz, rayonlardan 2 faiz ödəyirdim. İni isə hər yer üçün 2 faiz. Sosial vergi üçün isə oktyabr ayından artıb. Çünki maaşlar artıb. Bütün bu işlərimi Vəfa həll edir. Onun da maaşını artırmışam. 
 
- Müsahibələrinizdə demisiniz ki, 14 il övlad üzünə həsrət qalmışam. İndi artıq iki qız övladınız var. Hisslər arasında nə kimi fərq var?
 
- O vaxt da kimin övladı olubsa, sevinmişəm, indi də götürüb bağrıma basıram. Nə paxıllıq, nə bir şey. Uşaqlar mənim üçün sülh, mərhəmət deməkdir. Balaca, köməksiz olan varlıqlar mənim üçün ən ülvi varlıqlardır.  
 
- Bu günlərdə sosial şəbəkələrdə bir videonuz paylaşılıb. Bir toyda bəylə gəlini ortalığa dəvət edəndə büdrəyib yıxılmısınız. Kim yayıb bu görüntünü?
 
- Bilmirəm... Yəqin toydan kimsə çəkib qonaqlardan paylaşıb. Şou portallar da götürüb yaymışdılar. Amma nə bunu, nə də bir başqa videonu götürüb paylaşmaq doğru deyil. Bu görüntü mənə heç bir xələl gətirməyəcək nə xanımlığıma, nə də qadınlığıma. Vay o günə ki, elə bir şey paylaşılar ki, o insanın həyatı alt-üst olur. Bax, bu, ən böyük bədbəxtçilikdir. Mən ona baxıb gülümsədim. Hamının başına gələ bilən hadisədir. Hər bir jurnalistdən xahiş edirəm, kiminsə videosunu və ya səsyazısını yazanda, internetə yerləşdirəndə həmin insanın həyatı alt-üst olacaqsa, onun günahı qalacaq bir kənarda, sizin günahınız on dəfə artıq olacaqdır. 
 
- Son zamanlar dəb halını alıb, estetik əməliyyatlar. Siz necə, imicinizdə bir dəyişiklik etmək istəmirsiniz? 
 
- Vallah, necə varamsa, elə də qalmaq istəyirəm. İndiyə kimi saçımı cürbəcür rənglərlə dəyişmişəm. Və tamamilə arıqlamışam.  
 
Könül Aypara