\
22 Noyabr 2024 - Cümə

“Mənə güc və vəzifə lazım deyil. Mənə millətimin vəkili olaraq millətimi təmsil etmək üçün hüquq lazımdır!" - Deputatlığa namizəd Pərvin Babayeva

“Mənə güc və vəzifə lazım deyil. Mənə millətimin vəkili olaraq millətimi təmsil etmək üçün hüquq lazımdır!" - Deputatlığa namizəd Pərvin Babayeva
2688baxış

Babayeva Pərvin 1985-ci il noyabrin 14-də Bakı şəhərində anadan olub. Ilk təhsilini 8 Saylı tam orta məktəbdə alıb. Əvvəlcə Texniki Universitetin “Gömrük işinin təşkili” fakultəsini bitirib, daha sonra Moskva Texnoloqiya Universitetinin Maliyyə Kredit fakultəsində ali təhsilini davam etdirib. 2006-2009 -cu illərdə ARDNŞ “Neftqaztikinti” trestində texniki işçi, mühəndis və Icraya Nəzarət şöbəsinin rəisi vəzifələrində, 2009 -2017-ci illərdə özəl sektorda kadrlar üzrə mütəxəssis kimi fəaliyyətini davam etdirib. 2015-ci ildən “Sevinc Tənha Analara Dəstək” qrupunu təsis edərək xeyriyyəçilik işləri ilə məşğul olmağa başlayıb. “Sevinc Tənha Analara Dəstək” qrupunum təsisçi sədridir. “Sevinc Tənha Analara Dəstək” qrupu 2015 -ci ildən bu günədək hər ay imkansız ailələrə, sahibsiz yaşlı insanlara ərzaq yardımları, başsız ailənin övladlarını təmənnasız sünnət, serebral iflicdən əziyyət çəkən uşaqların əməliyyatı və s. kimi işlər ilə fəailiyyət göstərməkdədir. Subaydir. Ailənin tək övladıdır.

- Pərvin xanım, niyə məhz tənha analar üçün dəstək?

- (gözləri doldu) Mən evin tək övladıyam, anam məni tək böyüdüb, nə əziyyətlər çəkdiyinin şahidi olmuşam. Anam ali savadlı müəllimə olsa da, tənhalığımn acısını ömrü boyu çəkib. Bunları görürdüm... Uşaqlıqdan qarşıma məqsəd qoymuşdum ki, anamdan başqa hansı qadın tənhadırsa, maksium ona yardım etməyə çalışacağam!

- Bu illər ərzində hansı xeyriyyə marafonu sizi daha çox təsirləndirib?

Mən ilk dəfə 2 saylı atılmış uşaq evinə getmişdim, anamla ikimiz. Onda qrupumuz yox idi. İçəri daxil olanda çox təsirlənmişdim, məni ağlamaq tutdu. Özümə toxtaqlıq verdim. Bir uşaq yerindən qalxıb üstümə cumdu və “mama...” dedi... Onda 21 yaşım var idi. Analıq hissini bilmirdim. Hönkürtü ilə ağladım. Dəhşətli bir mənzərə idi.

- Bu qədər uşaq evlərində olursunuz, himayənizə bir uşaq götürmək istəyi olubmu?

Çox olub. Amma AR-nın qanunlarına görə, ailəli olmayan şəxs övladlığa uşaq götürə bilməz.

- İcazə verilsəydi, qız, yoxsa oğlan?

Qız. Oğlan istər uşaq evində, istər ailəsində böyüsün, hardasa özünü idarə edə biləcək qüvvəyə malikdir. Amma qızlar hər zaman zərif olurlar. Köməyə ehtiyacı olur. Nə qədər güclü olsa da belə, ona təkan lazımdır.

- Pərvin xanım, siz özünüz də atasız böyümüsünüz... Amma ayaqlarınız üstündə dayanmağı bacarmısınız...

(yenə dolur) mən istəyərəkdən güclü deyiləm, mən məcburən güclüyəm. Mən mübarizə apara-apara qollarıma güc yığa bilmişəm.

- Ümumiyyətlə, elə bir zamanda yaşayırıq ki, adi bir qələmi kimsə kiməsə bağışlayanda onu nümayiş etdirməyə çalışır. Bir növ piar... Amma siz illərdir xeyriyyəçiliklə məşğulsunuz, bu barədə çox az adam xəbərdardır. Niyə?!

Əvvəllər mən öz hesabıma  bu işləri görürdüm və insanları sevindirməkdən həzz alırdım. Sonra yavaş-yavaş ətrafımdakılar da bu yardım kampanyalarımıza qoşulmağa başladılar. 2015-ci ildən “Sevinc Tənha Analara Dəstək” qrupu yarandı və əhatəmin dəstəyinə ehtiyac duydum. Başa düşdüm ki, bu işləri nümayiş etdirmək lazım imiş. Nə qədər qrupa çox üzv olsa, o qədər daha çox uşaqların, qocaların, tənha qadınların üzündə təbəssüm yarada bilərik. İndi qrupumuz həkimlərdən, dövlə qurumlarında çalışan adamlardan, müəllimələrdən, hərbi qulluqçulardan ibarətdir. Kim savab qazanmaq istəyirsə, bizə müraciət edir. Çünki bizə inanırlar. Hər addımımızı, insanların maddi dəstəyinin hara xərclənməsi haqda məlumat paylaşılır.

- Pərvin xanım, istiqamətinizi necə götürürsünüz? Sizə müraciət olunur, yoxsa özünüz arayıb-axtarırsınız?

Hər iki formada olur. Bəzən müraciət edənlər arasında fırıldaqçılar da olur. Sonradan qonum-qonşularından öyrənirik ki, sən demə, getdiyimiz uçuq-sökük evlər heç də bunların evləri deyilmiş. Sadəcə olaraq, bizimlə görüşəndən-görüşənə bura gəlirlərmiş. Ona görə də artıq araşdırma aparırırq, sonra yardım kampaniyamıza start veririk.

- Fevralın 9-da Milli Məclisə deputat seçkiləri olacaq. Bu seçkidə iştirak etməyi planlaşdırmısınız. Seçicilərinizə nə kimi vədlər verirsiniz? Nəyə görə sizə səs verməlidirlər?

- 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən namizədliyimi irəli sürmüşəm. Mənim sloqanım belədir: “Mənə güc və vəzifə lazım deyil. Mənə millətimin vəkili olaraq millətimi təmsil etmək üçün hüquq lazımdır!” Seçiləcəyim dairənin sakinlərinin hüquqlarını qorumaq istəyirəm. Tapdalanmış hüquqlarını bərpa etmək istəyirəm. Haqsızlığa heç dözümüm yoxdur. Əgər seçilsəm, məhz bu istiqamətdə işlərimə start verəcəyəm.

- Qulaqlarımız yalan vədləri çox eşidib. Gələn deputatlar yalnız vədlər verirlər. Ötən seçkidən bəri çox az sakinlərin problemləri həlli yolunu tapıb...

Doğrudur, sizinlə tamamilə razıyam. Mən Mehriban Əliyevanın dəsti-xəttindən ruhlanmışam. Heydər Əliyev adına Fond açılandan sonra mən də  “Sevinc Tənha Analara Dəstək” qrupunu yaratdım. Və məhz ölkəmizin vitse-prezidentini qoyduğu kursun davamçısı olaraq millətimizə faydalı işlər görməyə çalışıram. Onu özümə nümunə, örnək seçmişəm.  Seçicilərimlə görüşlərdə də bunları sübut edəcəyəm. Çalışacağam ki, seçicilərimi boş vədlərlə deyil, həyata keçirəcəyim əməllərimlə sevindirim, qayğılarına qalım.

- Uğurlar!

Minnətdaram.

Könül Aypara