\
22 Noyabr 2024 - Cümə

"Tənqid ediləsi "aparıcılar" hələ ki, çoxluq təşkil edir" - Tural Müseyibov

"Tənqid ediləsi "aparıcılar" hələ ki, çoxluq təşkil edir" - Tural Müseyibov
8291baxış

"Hər işi öz bilicisinə tapşırmaq lazımdır"

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov sonxeber.az-a müsahibə verib.
 
Həmin müsahibəni təqdim edirik:
 
- Öncə istərdik ki, oxucularımız Tural bəy haqqında daha ətraflı məlumat əldə etsinlər. Odur ki, bir qədər özünüz barədə danışmağınızı xahiş edirik.
 
- 1980 – ci il avqustun 23-də Bakı şəhərində doğulmuşam. Ailədə 2 qardaşıq. Qardaşım məndən 8 yaş balacadır. Əvvəllər qardaşım da mətbuat sahəsində çalışıb. Lider TV, İTV-də işləyib. İTV-də xəbər aparıcısı olub. Hazırda başqa bir sferada çalışır. Atamı 2 ildir itirmişəm. Atam SSRİ dövründə Mənzil Kommunal Təsərrüfat Nazirliyində baş müfəttiş, nəzarət-təftiş şöbəsinin rəhbəri olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra uzun illər Bakı Şəhər İcra Hakimiyyətində Mənzil-Kommunal Təsərrüfatı Departamentində baş müfəttiş, nəzarət təftiş şöbəsinin müdiri, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində sektor müdiri, FHN Layihə İnstitutunda direktor müavini vəzifələrində çalışıb. Atam maliyyəçi olub. O, hər zaman çalışıb ki, mən də bu sahədə çalışım. Hər zaman dostlarına da deyirdi ki, Tural sizin yanınızda olsun, maliyyə ilə maraqlansın. Amma mən o sahəyə bağlana bilmədim. Mənim diqqətimi mətbuat və televiziya çəkdi. Anam evdar qadındır. Mən Nəsimi rayonunda yerləşən Abdulla Şaiq adına 54 saylı orta məktəbdə oxumuşam. Məktəbdə oxuduğum zaman bədii tədbirlərin aparıcısı olmuşam. Mənim məktəb illərim keşməkeşli dövrə təsadüf edib. 1989-ci ildə artıq Topxana meşələrinin dağıdılması, erməni fitnə fəsadı barədə mütəmadi söhbətlərin şahidi olurdum. 1990-cı il yanvar hadisələrini evimizin içində hiss etdik. Fərizə, İlham və bir çox şəhidlərimiz 54 saylı məktəbin məzunu olmaqla yanaşı, həm də bizə çox yaxın ərazidə yaşayırdılar. Evimiz 20 yanvar qırğınlarının baş verdiyi "Şamaxinka" deyilən ərazinin bir neçə addımlığında idi. Yanvarın 20 – si səhər atam əlimdən tutub mənə qanlı küçələri göstərdi. Bu günə kimi güllələnən binaları, dağılan əraziləri, o zaman "Şamaxinka"da yol ayrıcında dayanan tankları, əsgərləri, əzilən maşınları, Təcili Tibbi Yardım avtomobilləri ilə daşınan şəhidlərimizi xatırlayıram. Hər yer qan içində idi. Atam dedi ki, hadisəni gör və unutma. Unutma ki, illər sonra övladlarına bu hadisəni kitablarla yox canlı şahid kimi təbliğ edəsən. Atam risk edirdi. Ara sıra atəş səsləri eşidirdik. Amma o gün bir başqa idi. Heç kim qorxmurdu. Düşmən əsgərinin üzünə nifrətlə baxırdı hamı. 10 yaşı tamam olmayan övladı ilə əsgərlər arasında açıq aşkar, gizlənmədən, qorxmadan düşmənə nifrət təbliğ edə biləcək qədər güclü idi insanlar. Biz bu cür böyüdük. Məktəblərdə dərs yox idi. Məktəbə gəlib pioner qalstuklarına od vurduq. Daha sonra isə hakimiyyət çevrilişləri, torpaq itkiləri. Çox ağrılı bir uşaqlıq yaşamışıq.
 
Məktəbimizdə keçirilən mühüm tədbirlərin aparıcısı olmuşam. Az yaşlarımda o zaman fəaliyyət göstərən Qazax Xeyriyyə Cəmiyyətinin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbirinin də aparıcısı olmuşam. 1993-1994-cü illər olardı. Bakıda 46 saylı məktəbdə keçirilən Ümumrespublika şeir müsabiqəsində 1 – ci yerə layiq görüldüm. Mən və Xocalıdan olan bir qız qalib oldu. Xatirimdədir bizə 500 rubl pul mükafatı da verdilər. İndi də bəzən olur şeir yazıram. Vahid Əziz və Nəriman Həsənzadə ilə çox yaxşı münasibətlərim var. Bir şeirimə Əməkdar artist Aygün Bəylər mahnı bəstələyib.
 
Ailəliyəm, 3 övladım var. Övladlarımı vətənpərvər böyütməyə çalışıram. Növbədənkənar Prezident seçkilərində oğlum Turxan onu da səsverməyə aparmağımı istədi. Mən ona səsvermə yaşının çatmadığını söylədim. Oğlum inadla cənab Prezident İlham Əliyevə səs vermək istədiyini bildirdi. Bu zaman dedim ki, videoçarx hazırlayaq. Sən də ürək sözlərini de. İlk video belə alındı. Başqa videoçarxları isə ordumzun, bayrağımızın 100 illiyinə həsr etdik. Mənim gözləmədiyim halda videoçarxlar Türkiyə xəbər saytları və televizyalarında yayımlandı.
 
Mən istəyirəm ki, uşaqlarım düşmənlərini tanısın. Böyük oğlum Turxanı Tapqaraqoyunlu ərazisində bir neçə dəfə ən soyuq havada səngərə də aparmışam. Reallığı görmək vacibdir. Gələcəkdə hər biri bilməlidir ki, harada və hansı peşənin sahibi olmalarından asılı olmayaraq erməniyə düşmən münasibəti bəsləməyə borcludurlar. Bu mənim fikrimdir. ermənilərə inanmaq olmaz. Ən yaxşı erməni ölü ermənidir. Onlar bizim əbədi və əzəli düşmənlərimizdir!
 
- Məktəbdə necə oxumusuz, ən çox sevdiyiniz müəllim və fənn hansıdır?
 
- Mən daha çox ibtidai sinif müəlliməm Zöhrə xanıma bağlı olmuşam. Bu günə qədər də Zöhrə müəllimə ilə görüşürəm, danışıram. Onun zəhmətlərini heç vaxt unuda bilmərəm. Çünki mənim və sinif yoldaşlarımın sərbəst böyüməsində Zöhrə müəlliməmin böyük əziyyətləri olub. Bizi heç vaxt incitmirdi. Ədəbiyyata və şeirə bağlılığı mənə Zöhrə müəllimə aşılayıb. Şagirdlərini önə çəkib, həvəsləndirib. Zöhrə müəlliməmə "Pioner" uşaq jurnalında şeir həsr etmişdim. Fənn olaraq da ədəbiyyata bağlı olmuşam.
 
- Bildiyim qədərilə televiziyaya gəlişiniz tələbəlik illərinə təsadüf edib. Neçə keçib o illər?
 
- Mən bir qədər əvvəl də qeyd elədiyim kimi atam maliyyəçi, iqtisadçı olmağımı istəyirdi. Təhsil və peşə seçimimi də demək olar ki, özü yönəldirdi. Amma mən iqtisadiyyat peşəsi üzrə təhsil alsam da həvəsim və məqsədim jurnalistika olub. Deyim ki, tələbəlik illərim pis keçib, nəyinsə həsrətini çəkmişəm yalan olar. Bir neçə tələbə yoldaşlarımla indi də əlaqəm var. O dövrlərdə Azərbaycan yeni-yeni müstəqillik əldə edirdi, insanlarımızın rifah halı yaxşılaşmağa doğru gedirdi. Tələbəlik illərində mən atamdan xəbərsiz "Sara" televizyasında işə düzəlmişdim. Atam xəbər tutan kimi məni televiziyadan uzaqlaşdırdı. Amma yenə getdim TV sahəsinə. Öyrəndim ki, yeni fəaliyyətə başlayan "Space" Teleradio Kompaniyasında müsabiqə keçirilir. Sənədlərimi verdim. Müraciət edən 400 nəfərin içərisindən çox az seçim oldu. Seçilənlərdən biri də mən idim. Nərgiz xanım Cəlilova dedi ki, mətn verin oxusun. Mən mətni oxuyandan sonra Nərgiz xanım bildirdi ki, bu cavan oğlanı xəbərlərə yönəldin. Və mənim peşəkar telejurnalistika fəaliyyətimə start verildi.
 
Qeyd edim ki, mənim hər zaman televiziyaya və aparıcılığa marağım olub. 90-cı illərdə yeni-yeni istifadə edilməyə başlayan o zaman üçün müasir olan "Panasonic M3000 – M3500" kamerası var idi. Atam gördü həvəsim var. Mənə kamera aldı. Mən də çəkilişlər edirdim. Videolar hazırlayırdım. Amma indiki kimi yayımlamaq imkanları məhdud idi.
 
- Jurnalist kimi fəaliyyət göstərdiyiniz dövrdə hansı maraqlı hadisələrlə qarşılaşmısınız?
 
- 8 ilə yaxın Xəbərlər Departamentində çalışmışam. İlk efir günümdən, hazırladığım reportajı efirdə izlədiyim ana qədər hər biri mənə çox doğmadır, unudulmazdır. "Space" televiziyasında yeni çalışmağa başladığım dövrlərdə Prezident Administrasiyasında akkreditasiya olma məsələsi gündəmə gəlmişdi. Mənim adım Prezident Administrasiyasına verildi və təsdiqləndi. Bununla da həyatımda yeni bir səhifə açıldı. Mən ümumilli lider Heydər Əliyevlə bərabər səfərlərə getdim. Prezidentin rəsmi görüşlərini işıqlandırdım, qəbullarında iştirak etdim. 18-19 yaşında olan bir gənc üçün bu böyük bir hadisə idi. Eyni zamanda cənab İlham Əliyevin seçki təbliğatını işıqlandırmaq da qismətim olub. Daha sonra isə Cənab Prezidenti ölkə daxili və xarici səfərlərdə müşayiət etmişəm, rəsmi görüşlərini, qəbullarını işıqlandırmışam. Bu illər mənim ömür tariximə qızıl hərflərlə yazılan illərdir.
 
- Heydər Əliyevlə bağlı xatirələrinizi bizimlə bölməyinizi istərdik.
 
- Ulu öndərlə bağlı xatirələrim çoxdur. Ulu öndər Heydər Əliyev onunla səfərə gedən, görüşlərdə iştirak edən jurnalistləri şəxsən tanıyırdı. Fövqəlgücə sahib dövlətlərin marşal və generalları Heydər Əliyevlə görüşən zaman dedilər ki, cənab prezident, bizim prezidentin sizin məsləhətinizə ehtiyacı var. Heydər Əliyev böyük və miqyaslı siyasətçi, şəxsiyyət idi. Biz hər zaman Heydər Əliyevlə fəxr etmişik. Biz jurnalistlər ulu öndər Heydər Əliyevin diqqətinin, rəğbətinin və xüsusi münasibətinin şahidi olmuşuq. Bu da təbii ki, bizə güc verib. O güc bizə fəaliyyətimizdə çox böyük stimul olub.
 
Ən önəmlisi isə Heydər Əliyev vətənini sevən lider olub. Naxçıvanda Azərbaycan-Ermənistan prezidentləri arasında görüş keçirilirdi. Jurnalistlər üçün ağ çadır qurulmuşdu. Orada biz erməni jurnalistləri ilə birlikdə oturmuşduq. Görüşlə bağlı Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri bəyanat verməli idi. Jurnalist sayı çox idi. Müsahibə alınacaq məkan isə geniş deyildi. Belə razılaşdıq ki, Ermənistan xarici işlər nazirindən biz, Azərbaycan Xarici İşlər Nazirindən isə ermənilər müsahibə alar. erməni nazirin mətbuat konfransında yalnız biz iştirak etdik. Dünyaya bu bəyanat Azərbaycan mediası vasitəsilə yayıldı. Ermənilərin xəbər vermə arzusu ürəklərində qaldı. Bizim Xarici İşlər Naziri mətbuat konfransı keçirəndə isə ermənilər həvəslə "indi bizim növbəmizdir" deyəndə razılaşdıq, amma.... Amma onlarla birgə mətbuat konfransına TRT-nin jurnalisti də getdi. Axı o, beynəlxalq jurnalist sayılırdı. Bu dəfə də ermənilər uduzdu. Mətbuat konfransında səslənən bəyanatı TRT müxbiri vasitəsilə ilk olaraq biz yaydıq. ermənilər isə tində bucaqda telefonlarının işləməməsindən narazılıq edib öz hallarına acıyırdılar. Bu bizim üçün kiçik də olsa yadda qalan Qələbə idi.
 
- Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəisi, FHN Muğan Regional Mərkəzinin rəis müavini, bu gün isə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışırsınız. Sizcə mətbuat xidmətinin rəhbəri təmsil etdiyi qurumun qarşısında yoxsa ictimaiyyətin qarşısında daha çox məsuliyyət daşıyır?
 
- Mən 2006-cı ildə "Space" televiziyasından ayrıldıqdan bir neçə ay sonra Fövqəladə Hallar Nazirliyində mətbuat xidməti rəhbəri vəzifəsinə təyin edildim. Mən nazirlikdə mətbuat xidmətinin rəhbəri olaraq 8 il çalışdım. Daha sonra Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışmışam. Hər iki vəzifədə çalışan zaman mətbuata daha çox bağlı olmuşam. Bütün görülən işlərimizin mətbuatda işıqlandırılmasının tərəfdarı olmuşam. Bu işdə mənə dəstək verdiklərinə görə həmkarlarıma bir daha təşəkkür edirəm. Bildirmək istəyirəm ki, mətbuat katibi çalışdığı qurumun rəhbəri, həm də ictimaiyyət qarşısında məsuliyyət daşıyır. Zamanında məni tənqid edən həmkarlarımla da xoş və səmimi münasibətlərim var. Çox razıyam onlardan.
 
- Sizə görə mətbuat xidmətinin rəhbəri necə olmalıdır?
 
- Hər bir qurumun fərqli xüsusiyyətləri var. Dövrün, zamanın tələbi var. 2006-cı illə bu gün arasında böyük fərq var. Bu gün sevinirəm ki, bir çox peşəkar jurnalistlər mətbuat xidmətinin rəhbəri təyin olunur. Onlar jurnalistikaya bağlı insan olaraq, mətbuat xidməti rəhbərinin hansı yükü daşıdığını yaxşı hiss edir. Heç bir mətbuat xidmətinin rəhbəri istəməz ki, ona edilən zənglərə cavab verməsin. Amma bəzi xəbərlər var ki, bu xəbəri yayarkən ehtiyatlı olmaq lazımdır. Hər bir məlumat dəqiqləşdirilməlidir. Şübhəsiz ki, mətbuat xidmətinin rəhbəri baş verən hər hansı hadisə ilə bağlı operativ cavab verməyə də hazır olmalıdır. Nə qədər peşəkar, işini bilən şəxs olsan sənin cavabın təmsil etdiyin qurumun mövcud vəziyyətinə öz müsbət təsirini göstərmiş olur.
 
- Sizin incidiyiniz və yaxud da sizdən inciyən jurnalistlər olubmu?
 
- Mən FHN-də mətbuat xidmətinin rəhbəri olan zaman bəzi həmkarlarım məni suallara cavab verməyən mətbuat xidmətinin rəhbəri hesab edirdi. Bəzi jurnalistlərin bu yanaşmasından isə heç zaman inciməmişəm. Onlar öz vəzifə borclarını yerinə yetiriblər. Zamanla məni də anlayıblar. Həmin jurnalistlərlə bu gün çox yaxşı münasibətimiz var. Bəzən olub ki, düzgün suallar ünvanlanmayıb. Hətta mənə sual veriblər ki, nazir işdədir? Mən bu suala necə cavab verməli idim axı? Nazirliyin fəaliyyətindən çox dedi-qodulara, əsassız söz-söhbətlərə münasibət bildirməyimi istəyirdilər. Mən də cavabsız qoyurdum. Rəsmi xəbərlər heç zaman ara söhbətlərinə əsaslana bilməz. Şər, böhtan, uydurma fikirlərə mətbuat katibi nə desin?
 
- Son dövrlər dövlət qurumlarına mətbuat xidməti təyin olunanların bir çoxu məşhur aparıcılardır. Buna münasibətiniz necədir?
 
- İstənilən rəhbər işi peşəkara həvalə etmək istəyir. Düşünürəm ki, hər işi öz bilicisinə tapşırmaq lazımdır. Eyni zamanda mətbuat katibinin jurnalistlərlə xoş dostluq münasibətləri varsa, bu həm də onun təmsil etdiyi qurumun xeyrinədir. Reallıq budur ki, münasibətlər çox böyük rol oynayır.
 
- Elə olubmu ki, televiziyada işlədiyiniz zaman canlı yayımda çıxılmaz vəziyyətdə qalasınız?
 
- İnanın səmimiyyətimə, heç zaman çıxılmaz vəziyyətdə qalmamışam.
 
- Bu gün bir çox televiziya aparıcıları tənqid olunur. Siz hansı aparıcıların təqdim etdiyi verilişlərə baxırsınız?
 
- Siz AzTV-də qulaq deşən səsə, səhv nitqə, insanda ikrah doğuracaq görüntüyə rast gələ bilməzsiniz. Orada hər şey yerindədir. AzTV-də səliqə, balans qorunur, peşəkarlıq öz sözünü deyir. Aparıcı efirə çıxan zaman tamaşaçı ilk öncə onu gözü ilə sevir. Qısa müddətdən sonra ona qulaq asmağa başlayır. Səslə görüntü üst-üstə düşmədikdə tamaşaçı kanalı dəyişir. Azərbaycanda özəl TV-lərin yaranmasının kökündə AzTV dayanır. İstənilən kanalda Azərbaycan Televiziyasında illərlə zəhmət çəkmiş şəxslərə rast gələ bilərsiniz. AzTV böyük məktəbdir. Azərbaycan radiosu da həmçinin. Şübhəsiz ki, özəl TV-lərin hamısı bərbad vəziyyətdə deyil. Çox yaxşı aparıcılar, reportyorlar var. Sadəcə ad çəksəm inciyəcəklər. Amma təəssüf ki, tənqid ediləsi "aparıcılar" hələ ki, çoxluq təşkil edir. İndi bəziləri hesab edir ki, əgər aparıcıdırsa o reportyor kimi çalışmamalıdır. Yalnız xəbərləri, reportyorların çəkdiklərini arda-arda düzüb təqdim etməlidir. Bu diktorluqdur. Aparıcılıq deyil. Hər aparıcı təqdim etdiyi xəbərin nədən bəhs etdiyini bilməlidir. Bilirsiz, mən "Hər Gün" İnformasiya Proqramının, "Rəsmi Gün" verilişinin aparıcısı olmuşam. Biz efirə çıxacağımız gün ən azı 2 reportaj hazırlayırdıq. Çəkilişlər edirdik. Axşam da efirlə məşğul olurduq. Bundan əlavə, çəkilişdən qayıdıb materialları hazır edən həmkarlarımızın videolarını, müsahibələrini izləyirdik, montaj prosesinə baxırdıq. Ən yaxşı məqamları aparıcı sözü olaraq özümüz yazırdıq. Təqdim etdiyimiz videoxəbər də bizim özümüzün məhsulu kimi doğma olurdu. Tamaşaçı da hiss edirdi ki, təqdimat süni deyil.
 
Efirə dəvət etdiyimiz qonaqla bağlı kifayət qədər məlumatlı olurduq. Qonağa demirdik ki, ürəyiniz nə istəyir danışın, sualları da siz müəyyən edin. Biz işimizə sevgi ilə və ən əsasən peşəkarların nəzarəti ilə yanaşmışıq. Hər gün efirimiz yazılırdı və efirdən sonra monitorinq edirdik. Səhvlərimizi düzəldirdik.
 
Efirdə lüzumsuz jestlər etmək olmaz. Sənin jestin çərçivədən kənara çıxmamalıdır. Aparıcılar nitqlərində çox ciddi səhvlərə yol verirlər. Danışıq və yazılış, xəbərin dinamikası fərqlidir. Vurğular yanlış deyilir. Məncə, bütün bunlar zamanla təmizlənəcək. Efirə çıxan aparıcının ilk öncə özünə inamı olmalıdır. Bu gün sosial şəbəkələr televiziyanın işinə çox mənfi təsir göstərir. Tamaşaçısını əlindən alıb. İndi TV-lər də daha fərqli layihələrlə tamaşaçıları cəlb etməyə çalışırlar. Amma yenə də sosial şəbəkənin imkanlarından istifadə etməli olurlar.
 
- Tural bəy, bilirik 2 oğul, bir qız atasısınız. Övladlarınızdan jurnalist və ya aparıcı olmaq istəyəni varmı?
 
- Hələ bu barədə fikir söyləyə bilmərəm. Çünki övladlarımın ən böyüyünün 12, ən kiçiyinin isə 6 yaşı var. Heç vaxt onların ixtisas seçiminə qarışmayacam. Övladlarım hansı peşəni seçəcəklərsə istəyirəm ki, o sahənin peşəkarı olsunlar. Hesab edirəm ki, ən yaxşı kapital övladın təhsilinə qoyulan kapitaldır. Mənim bu gün istədiyim tək şey övladlarımı əxlaqlı, savadlı, vicdanlı və vətənə bağlı böyütməkdir.
 
Övladlardan söz düşmüşkən deyim ki, atamın arzusuna uyğun olaraq böyük oğlum qardaşımın (Turxan), qardaşımın oğlu isə mənim (Tural) adımı daşıyır.
 
- İndi valideynlər çox vaxt övladlarına lazımi qədər vaxt ayıra bilmirlər. Bu baxımdan sizdə vəziyyət necədir?
 
- İşlərim nə qədər gərgin və çox olsa da, onları diqqətsiz qoymuram. Çünki çalışıram ki, övladlarımın hər anlarında yanlarında olum ki, məndən inciməsinlər. Çünki nə onlar, nə də mən bir də bu yaşda olmayacağıq.
 
- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?
 
- Boş vaxtlarımı mən uşaqlarımla, dostlarımla, əzizlərimlə dəyərləndirirəm. Amma əsas uşaqlardır. Mənim boş vaxtım ola və onu övladlarım bilməyə. Bu mümkünsüzdür.