\
22 Noyabr 2024 - Cümə

"Azərbaycan gecələri rahat və arxayın gəzə biləcək bir ölkədir" - Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri - FOTOLAR

"Azərbaycan gecələri rahat və arxayın gəzə biləcək bir ölkədir" - Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri - FOTOLAR
9518baxış

Ötən ilin oktyabrın 11-dən etibarən Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri olaraq fəaliyyətə başlayan Hüseyn Altınalan “”Qalstuklu” görüş” rubrikasının ilk qonağıdır.

Xatırladaq ki, H.Altınalan Səlçuk Universitetində bakalavr, Mərmərə Universitetində isə magistr təhsili alıb. Hal-hazırda İstanbul Universitetində doktorantura təhsilini davam etdirməkdədir. Altınalan bəy tələbəlik illərindən etibarən müxtəlif media qurumlarında çalışmağa başlayıb. Son olaraq 2012-ci ildən Anadolu Agentliyində fəaliyyətə başlayıb, müxtəlif vəzifələrdə çalışıb. Bakıda diplomat olaraq fəaliyyətə başlamadan öncə isə agentliyin İstanbul bölgə müdiri olub.

- Hüseyn bəy, Azərbaycana xoş gəlmisiniz.

- Çox təşəkkür edirəm.

- Alışa bilirsinizmi bizim ölkəmizin havasına, milli mətbəxinə, dilinə, xalqımıza, qardaş olsaq belə...

- Könül xanım, özəlliklə onu vurğulayım ki, eyni dildə danışırıq, sadəcə olaraq Azərbaycan türkcəsində bəzi kəlimələr daha məntiqlidir. Məsələn, xoşuma gedir yox, xoşuma gəlir. Bir şeyin xoşuna gəlməsi getməsindən daha məntiqlidir. Eyni şəkildə siqaret içilmir, çəkilir. Maye içilər... Buna bənzər çox kəlmələr var. Digər məsələyə gəlincə, əvvəllər bura jurnalist kimi gəlib-getmişəm. Diplomat kimi isə ilk dəfədir gəlirəm. Bu gəlişimdə özümü sanki Türkiyənin bir şəhərindən başqa bir şəhərinə getmiş kimi hiss edirəm. Özümü öz vətənimdəki kimi hiss edirəm. Heç bir fərq yoxdur. O ki qaldı mətbəxə, ətləriniz çox dadlıdır, yeməkləriniz möhtəşəmdir. Düşbərədən doymaq olmur. Kabablarınız çox dadlıdır.

- Sizə dövlətlər təklif edildi və özünüz Azərbaycanı seçdiniz, yoxsa birbaşa bura təyinat aldınız?

- Elə maraqlı sual verdiniz ki... Bu hadisə bir hekayə kimi olub. Mən seçmədim. Türkiyədə bilirdilər ki, Azərbaycanı çox sevirəm. Mətbuat aləmində mənə “Türk dünyasının fəxri konsulu”, xüsusilə də “Azərbaycanın fəxri konsulu” deyirdilər. Hətta bir qəzetdə işləyərkən eyni zamanda Azərbaycandakı bir xəbər agentliyində qısa müddət də olsa Türkiyə təmsilçiliyi etmişəm. Yəqin ki, bütün bunlara görə özləri təklif etdilər və mən də böyük məmnuniyyətlə qəbul etdim. İllərlə “Anadolu Agentliyi”nin İstanbuldakı bölgə müdiri olmuşam. Çox çətinliklərlə üzləşmişəm. Qaynar xəbərlər, İstanbulun Türkiyənin ən hərəkətli şəhəri olması, həmçinin agentliyin güvənilirliyi baxımından xəbərlərdəki həssaslıq səbəbilə gün ərzində cəmi 4 saat yata bilirdim. İstanbul çox hərəkətli bir şəhərdir, hər anını izləmək lazım olur. Hər dəqiqəsi xəbərdir. Buna görə Türkiyədə agentlik jurnalistikası və idarəçiliyi çox çətindir.

- Siz də jurnalistikada fəaliyyət göstərmisiniz bildiyimiz qədərilə. Neçə ildir?

- Professional olaraq 25 ildir jurnalistikadayam. Amma 14 yaşımda dostumla bir jurnal çıxartmışdıq, ilk reportajımı da 16-17 yaşlarımda hazırlamışam. Yaşımdan böyük görünürdüm. Heç deməzdilər ki, 17 yaşım var. Həmçinin türkcəyə, daxili və xarici siyasətə yaxşı bələd idim. Buna görə rahatlıqla qəzetlərdə işləyə bilmişəm. Orta Şərqə marağım olduğu üçün ərəb dili ədəbiyyatı fakultəsini, sonra jurnalistikanı bitirdim. 3 ay əvvələ kimi jurnalist olmuşam.

- Hüseyn bəy, hər bir yazarın, müxbirin bir “Şah əsəri” olur, hansı ki, səs-küy salır el-aləmə. Sizin hansı məqaləniz belə səs-küy salıb?

- Bu sualınıza elə Azərbaycanla bağlı cavab vermək istəyirəm. Türkiyənin ən öndə gedən qəzetlərinin birində Azərbaycan haqqında mənfi bir xəbər manşetə çıxarılmışdı. Şimali Kipr Respublikası ilə bağlı Avropa Birliyində səsvermə keçirilirdi. Həmin səsverməyə Azərbaycan millət vəkilləri qatılmamışdılar. Adını açıqlamaq istəmədiyim bir qəzet bunu qabardaraq, Azərbaycanı sərt bir şəkildə tənqid etmişdi. Mən adətən təxəllüslərlə məqalələr yazırdım. Amma o yazıdan sonra ilk dəfə öz ad-soyadımla köşə yazısı yazdım. Qeyd etdim ki, sizin məqsədiniz qardaş qırğını yaratmaqdır! Məqsədiniz erməni sərhəddini açdırmaq üçün zəmin hazırlamaqdır. Amma türk xalqı heç vaxt bunu qəbul etməyəcəkdi. Həm də Cumhurbaşqanımız Rəcəb Tayib Ərdoğan da dəfələrlə bildirib ki, “Qarabağ savaşı bitməyincə, Ermənistanla sərhədlər açılmayacaq!” O söhbətin üstündə dayandım. Bir il sərasər yazdım. Nəhayət, sonda yazdım ki, iddia etdiyinizin əksinə İlham Əliyev sözünün üstündə dayandı. Bu yazınıza görə gəlin üzr istəyin. Və sonra o zamanlar çox güclü baş redaktor olan şəxs mənfi xəbərdən təxminən bir il sonra, 2005-ci ildə “Üzürhaqlıqmı, yoxsa təşəkkürmü?” deyə bir məqalə yazaraq Azərbaycandan və İlham Əliyev hakimiyyətindən üzr istəyən bir yazı qələmə aldı. Bunun ardından Fatih Altaylı da o yazının səhv olduğunu qeyd edərək o yazarı üzr istədiyi üçün ərdəmli davranışına görə təbrik etdi..... Bu jurnalist fəaliyyətimdə səs gətirən hadisələrdən sadəcə biridir.

- 3 aydır Azərbaycanda diplomat olaraq fəaliyyətə başlamısınız. Jurnalistika ilə diplomatlıq arasında fərq varmı?

- Çox fərq var. Diplomatlıqla müqayisədə jurnalistikanın məsuliyyəti azdır. Çünki jurnalistin sözləri özünə aiddir. Diplomatın sözləri isə öz fikri belə olsa ölkəsinin mövqeyi kimi başa düşülür. Bu vacib bir məqamdır. Digər tərəfdən mənim işim çox asan olsa da, bir-birimizi kifayət qədər tanımırıq. Bunun üçün biz dövlətləri və xalqları bir-birinə yaxınlaşdırmaq üçün çalışmalıyıq. İstər siyasi, istər mədəni, istər iqtisadi, fərq etməz... Bütün bu sahələrdə dövlətləri və millətləri yaxınlaşdırmaq məqsədi daşıyan xalq diplomatiyası işlədərək Azərbaycan ilə Türkiyəni və xalqlarımızı bir-birinə yaxınlaşdırmaq istəyirəm.

- Hüseyn bəy, iki həftə əvvəl Azərbaycanı silkələyən bir hadisə baş verdi – 10 yaşlı Nərminin faciəvi qətli. Bu barədə bəzi ölkələrin mətbuatında da yazıldı. Özüm şəxsən izləmişəm. Hətta İranda səhər proqramlarının birində deyildi ki, bundan əvvəl də Azərbaycanda buna oxşar “Elina hadisəsi” baş verdi, amma xalq susdu...

- Bu cür müzakirələrin aparılması yolverilməzdir. Mən hər ay çox ölkəyə səfər edirdim. Amma Azərbaycan kimi təhlükəsiz ölkələr az gördüm. Baxın, Azərbaycan gecəyarı qadınların çox rahatlıqla gəzə biləcəyi ölkədir. Belə təhlükəsiz bir ölkə üçün bu cür ifadələrin işlədilməsi çox çirkin görünür. Bu həm ölkə rəhbəri cənab İlham Əliyevin siyasətinin, həm də polisin nə qədər güclü olmasının göstəricisidir. Bəmbəyaz bir səhifədə bir qara nöqtə axtarmaq lazım deyil. Kim olursa olsun, şüşədən evi olan başqasına daş atmasın.

- Görüş və geniş müsahibə üçün təşəkkür edirəm.

- Əslində mən təşəkkür edirəm. Çox sağ olun. 

Hazırladı: Könül Aypara