\
22 Noyabr 2024 - Cümə

“Pafoslu cümlələrlə insanlarımızı aldatmaq olmaz” - Elşən Gəncəvi

“Pafoslu cümlələrlə insanlarımızı aldatmaq olmaz” - Elşən Gəncəvi
1171baxış

İctimai Xadim, İş Adamı Elşən Gəncəvi: “Keçmişi dəyişə bilmirik, gələcəyimizi dəyişə bilərik. Gələcək nəsilə yatırım etməliyik. Bəyan etmək istəyirəm ki, Millət vəkili olandan sonra məvacib kartım gənclərin təhsil haqlarına ödəniləcək. Maddi imkanı zəif olan ailələrin qız övladlarının təhsil almaları üçün dəstək olmaq istəyirəm. Tarixi şəxsiyyətimiz Zeynalabdin Tağıyevin “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə…” fikrini əsas götürərək, gələcəyimiz üçün təhsil deyirəm!”

9 fevral 2020-ci il tarixində keçiriləcək seçkilərdə Milli Məclisə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd, İctimai Xadim, İş Adamı Elşən Gəncəvinin (Nəcəfov Elşən Hökumət oğlu) “Yenigundem.az” xəbər portalına müsahibəsini təqdim edirik.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

“Gəncəvi” təxəllüsünü niyə götürdüyünü belə izah edir:

“Hər bir insanın formalaşmasının əsasında bir və ya bir neçə tarixi şəxsiyyət nümunəsi olur. Mənim isə özümə bildiyim nümunə dahi şair, müdrik filosof Nizami Gəncəvidir. Gəncəvi ləqəbini Nizami Gəncəvini və onun öz əsərlərində insanlara çatdırmaq istədiyi fikirləri həyatda və dünyada yaşatmaq üçün götürmüşəm. 2003-cü ildə universitetə daxil olduqdan sonra istədim ki, məni tanıyan insanlar Gəncəvi olaraq tanısınlar. Nə qədərinə nail olduğumu isə gələcək göstərəcək. Azərbaycan cəmiyyətində mən məhz internet vasitəsi ilə Gəncəvi kimi tanındım, dünyada da nail oldum. Xaricdə təhsil aldığım zaman və ya konfranslarda iştirak etdiyim zaman bir çoxları məndən bu sualı soruşur, Gəncəvi təxəllüsünü araşdırırdı. Bir növ ictimai əlaqələrə işləyən mexanizmdir. Xarici vətəndaşlara Nizami Gəncəvi və onun irsi haqqında məlumat vermək bir qürur hissidir. “Gəncəvi 870” məqaləni hazırlayanda isə, Gəncəvi təxəllüsünə sahibləndiyimi anladım. Bu günümüzdə Gəncəvi təxəllüsü ilə bir çox mövzularda məqalə yazmağım mənim şəxsi tanıtımımda böyük bir rol oynayır.”

- 9 fevral 2020-ci il tarixində keçiriləcək seçkilərdə Milli Məclisə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədsiniz. Namizədliyinizi irəli sürməkdə məqsədiniz nədir?

İlk olaraq qeyd edim ki, 1 noyabr 2015-ci il tarixində keçirilən seçkilərdə Milli Məclisə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd olmuşam. Biz komanda olaraq seçkiyə qatılmışıq. Xaricdə təhsil almış, yüksək elmi-bilik və idarəçilik bacarıqlarına sahib olan şəxsləri təmsil edirəm.

16 noyabr 1985-ci ildə Cəbrayıl rayonunun Süleymanlı kəndində dünyaya gəlmişəm. Cəbrayıl rayonu işğal olunanda mənim 8 yaşım var idi. Cəbrayıl rayonunu tərk etdiyim gün mənim yaddaşıma xüsusi həkk olunub. Gələcək həyatımı məhz bu yaddaşın təməlində qurmuşam. Təhsilimi, fəaliyyətimi, şəxsi keyfiyyətlərimin inkişafını və uğurlarımı məhz bu yaddaşın üzərində formalaşdırmışam.

Həmvətənlərimin maraqlarını Azərbaycan Respublikasının Ali Qanunverici orqanı Milli Məclisdə, Azərbaycan Respublikasının maraqlarını isə ölkəmizin xaricində şərəflə müdafiə etmək istəyirəm.

- Namizədliyiniz təsdiq olunana qədərki mərhələ haqqında nələr deyə bilərsiniz?

Namizədliyimin qeydə alınmasında hər hansısa bir nöqsan müşahidə etməmişəm. DSK-da namizədliyi qeydə alınan ilk şəxslərdən biri mənəm. İmza toplama kampaniyamız qısa bir müddətdə  reallaşdı. Komandamız sayəsində prosesi qısa müddətdə bitirə bildik. Cəbrayıl əhalisi ölkəmizin müxtəlif bölgələrində məskunlaşıblar. Biz imzalarımızı Biləsuvar, Saatlı, Gəncə, Sumqayıt və paytaxt Bakı şəhərində toplayıb bitirə bildik. Sonra 500 imzamızı DSK-ya təqdim etdik. Rahatlıqla deyə bilərəm ki, 5000 imza da toplaya bilərdik. Çünki, mənim bütün qohum-əqrabam hamısı Cəbrayıldandır. Hansı işdə, hansı vəzifədə olmağımdan asılı olmayaraq mən Cəbrayılımı təmsil edirəm.

- Seçiciləriniz məcburi köçkünlərdir. Onlarla bağlı hansı fəaliyyət planınız var?

Onların namizədi də məcburi köçkündür. Məcburi köçkün olduğum üçün eyni hissləri yaşayırıq. Tarixə səyahət etsək, görərik ki, nə qədər çətin zamanları arxada qoymuşuq. “Hər şeyi həll edəcəm!” – fikrini ifadə etmirəm. İnsanlarımızı aldatmamalıyıq. Milli Məclisə seçilmək mənim üçün vasitədir. Millət vəkili olmaq insanlarımızın problemlərinə hüquqi yolla qiymət vermək üçün bir statusdur. Real addımlar atmaq üçün, gələcək üçün güclü olmağa ehtiyacımız var.

Keçmişi dəyişə bilmirik, gələcəyimizi dəyişə bilərik. Gələcək nəsilə yatırım etməliyik. Bəyan etmək istəyirəm ki, Millət vəkili olandan sonra məvacib kartım gənclərin təhsil haqlarına ödəniləcək. Maddi imkanı zəif olan ailələrin qız övladlarının təhsil almaları üçün dəstək olmaq istəyirəm. Tarixi şəxsiyyətimiz Zeynalabdin Tağıyevin “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə…” fikrini əsas götürərək, gələcəyimiz üçün təhsil deyirəm!

- Rəqibləriniz haqqında hansı fikirləriniz var?

Mənim üçün rəqib anlayışı yoxdur. İş görmək və məsuliyyət anlayışı var. İnsanlara faydalı olmaq anlayışı var. Bizim faydalı olmağımızı insanlarımız tərəziyə qoymalıdır. Daha sonra seçimlərini etməlidirlər.

Mənim üçün faydalı və faydasız insanlar var. Çalışmalıyıq ki, insanlarımızın problemlərini hüquqi yollarla həll edə bilək. Pafoslu cümlələrlə insanlarımızı aldatmaq olmaz. İnsanlara yaratdığın və gördüyün müsbət işləri nümunə göstərməlisən. Namizəd olduğum 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən qalib olacağımıza inanıb bu yola çıxmışıq. Bütün namizədlərə uğurlar arzulayıram!

- 9 fevral 2020-ci il tarixində keçiriləcək Milli Məclisə seçkiləri necə qiymətləndirirsiniz?

9 fevral 2020-ci il tarixində keçiriləcək Milli Məclisə seçkilər cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə reallaşan islahat dalğasında əks olunan effektiv iqtisadi və kadr islahatlarına bağlıdır. Həmçinin, cənab Prezidentimiz rəhbər vəzifələrə müasir təhsil almış, qloballaşan dünyanın qaydalarına yaxından bələd olan, yaradıcı nəslin nümayəndələrinin təyin olunması kursunu elan edib. Qanunverici orqan hakimiyyətin icraedici qolunda aparılan, bütün sahələri əhatə edən islahatlardan kənarda qala bilməzdi. Milli Məclis də ölkədəki dəyişikliklərə adekvat olmalı, yenilənməli və yeni təfəkkürə malik şəxslərdən ibarət olmalıdır.

Cənab Prezidentimiz İlham Əliyevin yeni nəslin yaradıcı və aktiv hissəsini Milli Məclisə keçirilən seçkilərdə iştirak etməyə çağırdı. Bu çağırış mənim üçün Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməyə stimul oldu.

- Sizin təsəvvürünüzdə millət vəkili necə olmalıdır?

İlk olaraq qeyd edim ki, Millət vəkilinin necə olması Azərbaycan qanunvericiliyində öz əksini tapıb. Millət vəkili seçildiyi dairənin insanlarını tanımalıdır, hüquqi və iqtisadi bilikləri mükəmməl olmalıdır. Cəmiyyətlə hesablaşmalı, dünyada gedən prosesləri anlamalıdır. Ölkənin milli maraqlarına uyğun olmayan addım atmamalıdır. Öz maraqlarını insanların maraqlarından üstün tutmamalıdır. Tənqidlərdən qaçmamalıdır. Səmimi və dost olmağı bacarmalıdır. Seçicilərinin danışan dili, görən gözü və eşidən qulağı olmalıdır.

- Seçki şüarınızda “SƏSİMİZ TARİXDİR” deməklə hansı mesajı vermək istəyirsiniz?

1 noyabr 2015-ci il tarixində keçirilən seçkilərdə bizim şüarımız “TƏHSİL SEÇİM EDİR” ideyası idi. Bu bir mesajdır. Yəni, biz bilirik ki, məhz əsl güc və qüdrət yüksək keyfiyyətli təhsildədir. Məhz təhsili yüksək keyfiyyətə malik olan dövlətlər bu gün dünyada söz sahibidir. Vətən sevgisinin və təhsilin insana verdiyi gücü və qüdrəti insanlara təqdim etmək lazımdır.

“SƏSİMİZ TARİXDİR” deməklə biz gələcək nəsil üçün ideya təqdim edirik. Bu ideya Azərbaycan Xalq Cümhuriyyətinin bizə miras qoyduğu müstəqillik ideyasıdır. Azərbaycan dövlətçiliyi və Azərbaycan xalqı tarixdir. Tariximizi öyrənib, gələcəyimizi qorumalıyıq. Biz, Azərbaycanımızın inkişafında iştirakçı olmalıyıq. Tarix yazmaq üçün inkişaf etməliyik. İnsanlarımızı birlikdə inkişaf yolunda sərnişin olmağa və tarix yazmağa dəvət etməliyik.

- 9 fevral 2020-ci il tarixindən sonra hansı addımları atacaqsınız?

Millət vəkili seçilsəm, atacağımız addımların birincisi, sorğu-anketlərinin seçicilərə təqdim olunmasıdır. Qısa bir müddətdə əhalinin bu sorğuda fəal iştirak etməsini reallaşdıracağıq. Həmin sorğu-anketlər vasitəsi ilə seçicilərin sosial və ictimai statusları müəyyən ediləcək. Həmçinin, maddi və mənəvi olaraq problemlərini araşdırılacaq. Bizim hardan başlamağımızı seçicilər müəyyən edəcəklər. Daha sonra hüquqi və iqtisadi addımlarımızı atacağıq. Müxtəlif ictimai, sosial, mədəni və iqtisadi layihələr planlaşdırmışıq. Layihələrin hamısını yazıb hazırlamışıq. Gənclərin inkişafı üçün xüsusi təlimlərin keçirilməsi, qeyri-formal təhsilin tədrisi kimi ideyalarımız mövcuddur. Komanda olaraq məsuliyyətli və şərəfli missiyanı uğurla reallaşdıracağımıza əminəm.

Millət vəkili seçilməsəm, seçilən namizədi təbrik edib, işlərində uğurlar arzulayacam. Biz komanda olaraq, müsbət və faydalı təşəbbüslərə hər zaman dəstək olacağımızı bəyan etmişik. Bizimlə əməkdaşlıq etmək istəyən, ideya mübadiləsi aparmaq istəyən və ümumi maraqlara xidmət göstərmək istəyən bütün şəxslərə qapımız hər zaman açıqdır.