\
5 Oktyabr 2024 - Şənbə

İstanbulun qapıları turistlərə açıqdır - FOTOLAR

İstanbulun qapıları turistlərə açıqdır - FOTOLAR
36531baxış
Bu dəfə İstanbul küçələri bir fərqli qarşılayır məni. Nə o saatlarla tıxacda qaldığımız yollardan əsər əlamət var, nə də insan qaynaşan küçələrindən. Saysaq, hava limanından qalacağımız Qaraköy məhəlləsinə qədər yollarda cəmi 100 maşın olar, ya olmaz. Öyrəşmədiyimiz səssizliyini heç vəchlə yaraşdırmaq olmur İstanbula. Adamsız, maşınsız küçələri çox miskin görünür. Sən demə, başqa vaxt tab gətirmədiyimiz ucu-bucağı görünməyən tıxaclar belə, xüsusi gözəllik verirmiş İstanbula.
 
 
Bir ildən çoxdur dünyanı cənginə almış koronavirus bəlası şəhərin məftunedici gözəlliyini də alıb aparıb, sanki. İstanbul da karantinə alınmış koronavirus xəstəsi təsirini bağışlayır. Nədənsə, məşhur bir mahnının sözlərini dəyişərək zümzümə edirəm: “İstanbul İstanbul olalı heç görmədi böylə zülüm...”
 
 
Çox keçmir ki, bələdçimiz bu “zülmün” gerçək səbəbəbini açıqlayır. Bəlli olur ki, pandemiyaya görə həftə sonları İstanbulda küçəyə çıxmaq qadağası tətbiq olunur, restoran və kafelər, iri ticarət mərkəzləri işləmir. İki günümüzün boşuna keçəcəyinə heyfslənməyə isə macal tapmırıq. Bələdçimizdən onu da öyrənirik ki, bu qadağaların heç birinin turistlərə aidiyyəti yoxdur. Turistlər üçün hər yerdə, necə deyərlər, yaşıl işıqdır, bir tək tibbi maska geyinmək və gigiyenik qaydalara əməl etmək tələb olunur.
 
İstanbul pandemiya qaydalarına ən üst səviyyədə əməl edilməklə, sanki turistlərə kirayə verilib. Şəhərdə qonaq olan turistlər istədikləri məkanlarda insan selinə qarışmadan, rahat gəzə, şəkil çəkdirə, İstanbulun gözəlliyindən zövq ala bilərlər.
 
Elə biz də otelə yerləşdikdən sonra şəhəri ağız dadıyla gəzmək üçün üz tuturuq, İstanbul deyəndə ağıla ilk gələn tarixi məkanlardan biri olan Qala qülləsinə. Dünyanın ən qədim tarixi abidələrindən hesab edilən Qalata qülləsi yeganə məkandır ki, oradan şəhəri 360 dərəcə görmək mümkündür.
 
 
528-ci ildə Bizans imperatoru Anastasius tərəfindən gəmilər üçün fənər qülləsi olaraq inşa edilmiş qüllə 1204-cü ildə IV Səlib yürüşü zamanı ağır zərbələr alır. 1348-ci ildə Cenevizlilər tərəfindən “İsa Qalası” adı ilə bərpa olunur. 1445-1446-cı illərdə isə burada qüllə ucaldılır.
 
 
İstanbulun Osmanlılar tərəfindən işğalından sonra - 1453-cü il mayın 29-da Qalata qülləsinin açarı Cenevizlilər tərəfindən Fatih Sultan Mehmedə təqdim edilir. Həmin il iyunun 1-də isə qüllə tamamilə Osmanlı İmperatorluğuna təslim edilir.
 
Qüllə 1509-cu ildə baş verən və osmanlılar tərəfindən “kiçik qiyamət” adlandırılan zəlzələ zamanı ciddi zərər görür. Lakin o zamanın tanınmış memarlarından biri olan Hayreddin tərəfindən yenidən qurulur. Osmanlı Sultanı III Muradın dövründən 1579-cu ilədək qüllə rəsədxana kimi fəaliyyət göstərir. XVI əsrdə isə İstanbulun Kasımpaşa limanında işləyən xristian müharibə əsirlərinin sığınacağı olub.
 
XVII əsrin birinci yarısında dövrün elm adamlarından olan Hazerfen Ahmet Çelebi taxtadan düzəltdiyi qartal qanadları ilə Qalata qülləsindən İstanbulun Üsküdar istiqamətində uçub. Bu uçuş avropalıların marağına səbəb olub. Dünyanın bir çox yerində bu hadisə ilə bağlı hələ də yazılar və videogörüntülər saxlanılır. Qüllənin ikinci mərtəbəsində həmin mənzərəni əks etdirən 3D video yerləşdirilib. Qülləni ziyarətə gələnlər bu məqamdan istifadə edib virtual olaraq, Hazerfen Ahmet Çelebi ilə Üsküdara “uça bilərlər”.
 
 
Mərtəbələrdən söz düşmüşkən, zirzəmizi ilə birlikdə 11 mərtəbə olan Qalata qülləsinin 8 mərtəbəsi turistlərin ziyarəti üçün açıqdır. Birinci mərtəbədə muzey mağaza, üçüncü, dördüncü və beşincidə sərgi, yeddincidə İstanbulun maketi yerləşdirilib. Altıncı mərtəbə keçid, səkkizinci mərtəbə isə terrasdı. Terrasdan İstanbulun hər yerini izləmək, şəhərin möhtəşəm mənzərəsindən zövq almaq, şəkil çəkdirmək mümkündür.
 
 
 
1717-ci ildə İstanbulda tez-tez baş verən yanğınlar səbəbindən Qalata yanğına nəzarət qülləsi olaraq istifadə olunmağa başlayıb. Buna baxmayaraq, XVII əsrin ortalarında və 1831-ci ildə qüllədə baş verən iki yanğın nəticəsində o, ciddi zərər görür. 1875-ci ildə İstanbulda baş vermiş güclü fırtına isə qüllənin üst hissəsini tamamilə dağıdır. 1965-1967-ci illərdə tikilinin dağılmış hissəsi yenidən inşa edilir və Qalata qülləsi hazırki görünüşünü alır.
 
Əzəməti ilə seçilən qüllənin hündürlüyü 67 metrdir. Qüllənin zirzəmisində yerləşən çuxurlarda aparılan araşdırmalar zamanı burada insan sümüklərinə rast gəlinib. Bu da bir vaxtlar qüllənin zirzəmisinin həbsxana kimi istifadə edildiyini sübut edir. Aparılan hesablamalara görə, bu tarixi tikilinin çəkisi 10 min tondur.
 
 
Qalata qülləsi ilə bağlı bir çox rəvayətlər də mövcuddur. Onlardan biri, romalılar dövründən günümüzədək gəlib çatan hekayəyə görə, Qalata qülləsinə bərabər çıxan iki sevgili qarşılarına çıxacaq bütün çətinliklərə baxmayaraq, evlənir. Lakin əfsanəyə görə, sevgililərdən biri qülləyə daha əvvəl çıxıbsa, onda bu tilsim pozulur.
 
İstanbulun ən əhəmiyyətli memarlıq nümunələrindən biri olan Qalata qülləsinin yerləşdiyi tarixi Qalata bölgəsi romalıların zamanında şəhərin 14 məhəlləsindən 13-cüsü olub. Böyük Konstantinin vəfatından sonra burada dəfn edilməsini istəməsi bu yerin o vaxtlar necə vacib məkan olduğuna işarədir.
 
 
Qalata qülləsinin ətrafındakı küçədə isə tarixən Türkiyədə yaşayan yəhudilər məskən salıb. Qədimi yəhudi evlərinin yerləşdiyi küçə bir zamanlar “Bankalar sokağı” kimi tanınıb.
 
Karaköyün üst hissəsində yerləşən Qalata qülləsinə İstiqlal küçəsindən getmək daha rahatdır. Azərbaycanın “Tarqovi”sinə bənzəyən İstiqlal küçəsində isə bəzi səfirliklərin binaları, Qalatasaray Futbol Klubunun məktəbi, Qalata Mevlevihanesi muzeyi, məscid və s. tarixi binalar yerləşir.
 
 
"Yüz eşitməkdənsə, bir görmək yaxşıdır" - deyib atalarımız. Biz də deyirik ki, yüz dəfə oxumaqdansa, bir dəfə gəlib görməyiniz məsləhətdir...