Eldar Mahmudovun kollec direktoru olan qohumundan şikayət var
Əməkdar jurnalist yazır
Bilmək olmur Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru Elşad Quliyev bu tül pərdənin nəyinə aşiq olub? Axı bayırdan içəri, içəridən də bayır çil xoruzun quyruğu kimi ap-aydın görünür. Ətrafdakılar Elşad müəllimin öz kabinetində xısın-xısın danışıqlarını, alış-verişini aydınca görür və eşidirlər.
Kollecə direktor təyin olunanda Elşad müəllim tül pərdəni qapı və pəncərədən götürüb atmalı idi. Heyif deyil qara pərdə?! Nə içərini görən olur, nə də pıçha-pıçı eşidən. Əvəzində bəyan etdi ki, mənim haqqımda hədyan-mədyan danışanın dilini, yazanın barmaqlarını kəsərəm. Bax beləcə Elşad qağamız rəhbərlik sahəsində heç bir səriştəsi, təcrübəsi olmaya-olmaya külli ixtiyar sahibinə çevrildi. İş tapşırıldı iş bilməzlərə. Beləliklə Elşad müəllimin səriştəsizliyi, kiminsə havadarlığı sayəsində texnikumun əvvəlki şan-şöhrəti, ənənələri unudulub buz kimi əriməyə başladı. İxtisası, təhsili oldu-olmadı kollec savadsız kadrlarla dolduruldu. Elə isə bu yerdə uzun illər həmin kollecdə külüng vuran baytar həkim-pedaqoq diplomlu 41 il iş stajına malik olan Sədiqə Abdalovanın əlaqədar təşkilatlara və redaksiyamıza ünvanladığı şikayət məktubuna nəzər yetirmək kifayət edər:
– 40 il fasiləsiz bu kollecdə işləyəndən sonra 65 yaşım tamam olanda Elşad müəllim məni zorla pensiyaya göndərdi. Bildirəndə ki, mən tək ailə başçısıyam və sırf ixtisas sahibiyəm. O buna əhəmiyyət vermədən mənimlə müqavilə bağlamaqdan imtina etdi. Əvəzində baytarlıq elminə yad olan qeyri-ixtisas sahiblərindən külli miqdarda pul alaraq mənim yerimə təyin etdi. Elşad müəllim işlədiyim illər ərzində başıma açmadığı oyunlar qalmadı. 35 il tədris etdiyim «Anatomiya və fiziologiya» fənnini və kabinə rəhbərliyimi əlimdən alıb savadsız kadrlar arasında mal-pay etdi. Haqqımı tələb edəndə məni təhqir edərək: – sənin bir ayağın burada bir ayağın gorda, – deyib qapını üzümə çırpdı. Dərslərimi isə qeyri-ixtisas adamlara satdı…
Sədiqə müəllimənin yazdıqları sən demə dəryada damla imiş. Elşad müəllim vəzifəsindən sui-istifadə edərək bu 10 il ərzində dövlətin ətək-ətək pullarını havaya sovurmuş, əvəzində o qədər var-dövlət sahibi olmuşdur ki, sadalamaqla qurtarası deyil. Tədris planında olmayan dərslər məhz onun əli ilə hər biri 200-300 saat olmaqla müəllimlərə pay-puş edilib və əvəzində də onlardan 6-7 min manat alınaraq cibdaşına ötürülüb. Hələ bunlar harasıdır. Elşad müəllim ödənişli pulların hesabına təkcə oktyabr ayında 80 min manat alaraq bir hissəsini mənimsəyib. Müəllimlərə saat hesabına verdiyi dərslərin əvəzinə hər ay 200-300 manat maaş yazaraq hərədən 50 manat qoparır. Ailə başçısını itirmiş tələbələrin hər birinə dövlət tərəfindən ayrılan 500 manatı da Elşad müəllim həzm-rabedən keçirir.
Ətək-ətək dövlət vəsaitinin və imtahanlardan, qəbuldan aldığı pulların hesabına Elşad Quliyev son 10 il ərzində Qazağın ən varlı adamlarından birinə çevrilib. Belə olmasaydı kollecdə bufet açaraq hər ay oradan 200 manat icarə haqqı almazdı. Belə olmasaydı heç bir hüquqi sənədi-filanı olmadan, dövlət qeydiyyatından keçmədən kollecdə kompüter kursu açmazdı və saxta yolla uşaqlara 200 manata diplom satmazdı. Kolleclə üzbəüz Heydər Əliyev prospektində sabiq bələdiyyə sədri Oktaydan 70 minə obyekt alıb hər ay 500 manata qeydiyyat idarəsinə arendaya verməzdi. Belə olmasaydı Hüseynbəyli kəndinin yol ayrıcında iki mərtəbəli mağaza, kafe-yeməkxana-çayxana tikdirməzdi və «Azpetrol»un arxasında dəyəri 100 min manatı arxada qoyan villa ucaltmazdı, Bakıda neçə-neçə ev tikdirməz, Tibb Universitetində təhsil alan qızı üçün hər il 3 min manat təhsil haqqı verməz, bir neçə adda xarici maşina minməzdi.
Eh, Elşad müəllimin obyektlərinin, var-dövlətinin sayı məgər birdir-beşdir?! Gərək onları hesablamaq, dəqiq uçotunu aparmaqdan örtü ya Təhsil Nazirliyindən, ya da hüquq-mühafizə orqanlarından xüsusi bir komissiya ayrıla.
Hə, biz bu tül pərdə məsələsini əbəs yerə xatırlamadıq, söz xatirinə demədik. Çünki bu tül pərdə arxasında kollecin direktoru Elşad Quliyev çox hoqqalardan çıxıb. Bütün bunlardan bəlkə də Təhsil Nazirliyinin xəbəri yoxdur. Əgər belədirsə çox təəssüf?! Bizcə bu tül pərdəni çöküb atmağın və tül pərdəli kabinetdə hansı oyunların baş verdiyinin faş olmasının vaxtı çatmışdır. Son söz isə korrupsiya idarəsinin və hüquq-mühafizə orqanlarının, bir də Təhsil Nazirliyinindir.
Azinforum.az olaraq yazıda qeyd olunan ittihamlarla bağlı Elşad Quliyevin də mövqeyini dinləməyə hazır olduğumuzu bildiririk. Bir faktı da qeyd edək ki, barəsində söz açılan Elşad Quliyev sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur.
Səhrəd Məmmədov,
Əməkdar jurnalist
Qazax.