Səs-küy salanlar cərimələnəcək - Həbs cəzası … - VİDEO
ARB TV-nin “Günə doğru” verilişində asayişi pozan şəxslərin məsuliyyətə cəlb olunub-olunmaması barədə reportaj yayımlanıb.
Bəzən şəhər mərkəzlərində, ictimai yerlərdə uca səslə edilən mübahisələrin və ya digər səslərin insanların narahatlığına səbəb olduğunu müşahidə edirik. Sakinlər bildirir ki, belə hallarda tanış insanlara irad bildirsə də, digər şəxslərə müraciət etməkdən çəkinirlər.
Sakin: “Öz tanışlarıma demişəm, amma kənar şəxslərə yox. Söyüş söyəndə müdaxilə etmişəm”.
Bəs belə hallar yaşandıqda qanuvericilik çərçivəsində hansı tədbirlər görülə bilər. Ümumiyyətlə ictimai asayışın pozulması, hansı meyarlara əsasən müəyyən edilir.
Hümmət Əliyev (hüquqşunas): “Etik normaların pozulması asayişin pozulmasına bərabərdir. Buna əsasən maşınlarda quraşdırılan texniki qurğular da daxildir. Bunlar insanların hüquqlarının pozulmasına gətirir çıxarır”.
İnzibati Xətalar Məcələsinin müvafiq maddəsinə əsasən “Məişət səs-küyünə qarşı mübarizə qaydalarını” - mənzillərdə, yaşayış evlərinin girişində, həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən səhər saat 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səsələ oxutmağa görə vətəndaş cəzalana bilər. Bəs bu hallara yol verən vətəndaş həbs oluna bilərmi?
Hümmət Əliyev (hüquqşunas): “Həbs cəzası yoxdur. Sadəcə tənbeh və cərimə ola bilər”.
Mütəxəssilər bildirir ki, bəzən inzibati sanksiyaların genişlənməsi inzibati pozuntunun qarşısını almaqda heç də səmərəli vasitə olmur. Daha çox məlumatlandırma kampaniyasını genişləndirmək bu cür qanunların hazırlanması prosesinə daha çox ictimaiyyəti cəlb etmək, ictimai dinləmələr keçirilmək eləcə də geniş maarifləndirmə işi aparmaq daha effektiv ola bilər.