\
24 Noyabr 2024 - Bazar günü

Goranboylu qazini kimlər və niyə unudub?! - MEDİA TV - Eksklüziv - VİDEO

64177baxış

Şəhidlik hər bir əsgərin ən böyük arzusudur. Vətən uğurunda həyatını risk altına atmaq, sağlamlığından olmaq da qəhrəmanlıq sayılır. Deməli, qazilərimiz də şəhidlər qədər ən böyük sevgiyə, hörmətə layiqdirlər. Biz onları yaşatmalıyıq ki, qəhrəmanlıq tariximiz yaşasın, şəhidlərimizin narahat ruhları bizdən razı qalsın.

Goranboy sakini Rafiq Ələkbərov da belə qəhrəmanlardan biridir.

Məsələ ilə bağlı Goranboy rayon icra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışdıq. Məmurların qısaca verdiyi “məşğul olarıq” cavabı o qədər də ümidverici olmadı.

Maraqlıdır, görəsən, Goranboy rayonu icra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, onun tabeliyində olan icra strukturlarının rəhbərləri, iş adamları, xeyriyyəçilər, o cümlədən Goranboydan millət vəkili seçilmiş Mahir Aslanov bir qəhrəmanın taleyinə niyə biganə qalıblar? Vətən uğrunda sağlamlığını itirmiş qazini yaşatmaq bu qədərmi çətindir? Axı Rafiq Goranboyu bütün Azərbaycanda layiqincə təmsil etmiş, vətən uğrunda sağlamlığını fəda etmiş bir qəhrəmandır. 

- Bu dəfə Goranboyun millət vəkili Mahir Aslanovla əlaqə yaratmağa çalışdıq. Yalçın adlı köməkçisi Millət Vəkilinin gözündən əməliyyat olunduğunu və bizimlə danışa bilməyəcəyini bildirdi. Mahir Aslanova Allahdan şəfa diləyirik və demək istəyirik ki, qəhrəmanımızın yaşadığı problemləri ondan yaxşı başa düşən olmaz. Millət Vəkilinin köməkçisi bizi əmin etməyə çalışdı ki, qəhrəmanımıza 1500 manat məbləğində birdəfəlik yardım ediblər. Hətta onun səmimiyyətinə inansaq belə, deməliyik ki, problemin nəticəsini deyil, səbəbini aradan qaldırmaq lazımdır. Sadə dildə desək, göz yaşlarını silmək, onu birdəfəlik qurutmaq demək deyil.

Hörmətli Goranboyun icra başçısı Nizaməddin Quliyev, Milli Məclisdə Goranboyu təmsil edən deputat Mahir Aslanov və başqaları, gəlin bir anlıq əlimizi ürəyimizin üstünə qoyub, dərindən düşünək, özümüzü Rafiqin yerinə qoyaq. Sürprizlərlə dolu olan həyat yerlərimizi dəyişdirsəydi, biz kimdən kömək uma bilərdik?

Qəribə cəmiyyətin nümayəndələriyik. Rafiq Ələkbərov şəhid olsaydı, başda Goranboyun icra başçısı Nizaməddin Quliyev və Goranboyun millət vəkili Mahir Aslanov olmaqla qəhrəmanımızı aramızdan izdihamla yola salacaqdıq, “Kaş ki” deyə-deyə hamımız için-için ağlayacaqdıq. İndi isə onu için-için ağladırıq və bəlkə də o, laqeyd məmurlara baxıb “kaş ki” deyir. Rafiq şəhidlik zirvəsinə yüksələ bilməsə də, gözünü qırpmadan sağlamlığını vətən yolunda fəda edib. Bizim yaşamağımız, bu süjetə baxa bilməyimiz üçün canını sipər edib. Deməli, qəhrəmanımızın həyat dramı hər birimizin faciəsi sayılmalıdır.

Mövzunu diqqətdə saxlayırıq.

Rafiq Ələkbərovun problemlərinin tezliklə həlli ümidi ilə Natiq Qocaman, Əmrah Tağızadə, Rafet Şahbalı xüsusi olaraq Media TV üçün.

Mediapress.az