Tovuzun cəbhəyanı kəndlərində təhlükəli vəziyyət... - MEDİA TV - Eksklüziv - VİDEO
Tovuzun 1300 nəfərdən çox sakini olan Ağdam kəndində tez-tez düşmənin atəşkəsi pozması nəticəsində güllə səsləri eşidilsə də, əhali arasında yüksək əhval-ruhiyyə hökm sürür. Qüdrəli əsgərlərimiz hər an mənfur düşmənin layiqli cavabını verdiyindən ağdamlılar rahatdırlar. Xatırladaq ki, sözügedən kəndin yol problemi həll olunub. Daha doğrusu, yollara asfalt çəkilib. Lakin ağdamlıların hazırkı problemi ondan ibarətdir ki, kəndin adını və istiqamətini bildirən heç bir lövhə yoxdur. Bu barədə Media Tv-yə ağdam kənd sakini Bağırov Nəsimi Teymur oğlu məlumat verib.
Məsələ ilə bağlı Azəravtoregional və yerli əhəmiyyətli avto yolların təmiri şöbəsinin mütəxəssisi Alim Nağıyevlə əlaqə saxladıq.
Təzadlı bir vəziyyət yaranıb. Cəbhəyanı kəndlərə aparan yolda yalnız bir kəndin - Yuxarı öysüzlü kəndinin adı qeyd olunub. Halbuki həmin kənddən sonra Vahidli, sonda isə Ağdam kəndinin adları qeyd olunmalı idi. Unutmaq olmaz ki, söhbət məhz cəbhəyanı kəndlərdən, düşmənlə birbaşa üz-üzə olan ərazidən gedir.
Bura gələn qonaqlar, əsgər valideynləri və digər nabələd insanların səhv istiqamətə getmələri mümkün təhlükələrə yol aça bilər. Əvvəla, əraziyə nabələd olan insan yolunu azıb düşmən tərəfə keçə bilər. İkincisi, düşmən tərəfindən göndərilmiş hər hansı bir təxribat-diversiya qrupunun üzvü ilə üz-üzə gələr. Üçüncüsü, postların arasında olan ərazidə azıb qalaraq, yanlışlıqla hədəfə çevrilər. Və ya sadəcə yolunu azıb təşvişə düşər. Təcrübədə bu cür hallara az da olsa rast gəlinir.
Bir sözlə, kimlərinsə kiçik bir səhvi ağır fəsadlara yol aça bilər.
Fikrimizcə, bu qədər insanı təhlükə altına atmaq olmaz. Ümidvarıq ki, problem tezliklə həllini tapacaq.