\
6 Noyabr 2024 - Çərşənbə

"Lukoil" sürücülərin cibinə necə girir?! - Eksklüziv - Süjet 2 - VİDEO

89350baxış

“LukOil Azərbaycan” şirkətinin yanacaqdoldurma məntəqələrinin yarıtmaz fəaliyyəti sürücülərin haqlı narazılığına səbəb olur. Yanacağın aşağı keyfiyyətdə olması, kütləvi aldadılma halları istehlakçıları narahat edən məsələlərdəndir. Bu günlərdə redaksiyamıza daxil olan şikayət ərizələrinin birinin izi ilə jurnalist araşdırmasına başladıq. Azad İstehlakçılar İctimai Birliyi ilə başlatdığımız araşdırmanın nəticəsindən məlum oldu ki, sürücülər kütləvi şəkildə aldadılırlar.

Maraqlıdır ki, “Lukoil” faktları təsdiq etsə də, həqiqətləri inkar etmək yolunu tutub. Sadə dildə desək, şirkət avtomobillərin çənlərinin tutumu ilə bağlı texniki şərtlərə əhəmiyyət vermədən ciddi cəhdlə yalanlarına həqiqət donu geyindirməyə çalışır.

Bu, “Lukoil” kimi brend markalı yanacaqdoldurma məntəqəsindən birinci şikayət deyil. Karate üzrə paralimpiya çempionu Aynur Məmmədova, Araz FM-in müxbiri Aygün Akif, sabiq millət vəkili Etibar Hüseynov və digər şəxslər də adıçəkilən şirkət tərəfindən analoji qaydada aldadılıblar. Təbii ki, bu tip neqativ hallardan narazı qalan, ancaq müəyyən səbəblərdən şikayət etməyən sürücülərin sayı da az deyil.

Həqiqəti üzə çıxarmaq çox asandır. Bunun üçün “Lukoil” şirkəti konkret şikayətçinin, media nümayəndələrinin, Azad İstehlakçılar Birliyinin və aidiyyatı üzrə dövlət orqanlarının iştirakı ilə test monitorinq keçirməlidir. Nəticələr KİV-lərdə işıqlandırılmalıdır.

Yanacaqdoldurma məntəqələri ilə bağlı araşdırmamızı davam etdiririk.

Natiq Qocaman, Günel Ayxan, Əmrah Tağızadə xüsusi olaraq Media TV üçün

Mediapress.az