Ermənilər öz basdırdıqları minada partladılar - 3 ölü, 2 ağır yaralı
Cəbhənin cənub-şərq istiqamətində növbəti insident baş verib. Bu dəfə ermənilər öz basdırdıqları minada partlayıblar. NEWS.am saytının məlumatına görə, cari ilin 29 mart tarixində Dağlıq Qarabağın 5 erməni sakini mina partlaması nəticəsində xəsarət alıb. Britaniyanın HALO Trust təşkilatının əməkdaşları işğal altında olan Sırxavənd kəndi yaxınlığında mina təmizləyərkən partlamanın qurbanı olublar. HALO Trust təşkilatından verilən məlumata əsasən, təşkilatın yerli sakinlərdən ibarət olan əməkdaşları xidməti maşında ikən tank əleyhinə minanın partlanması nəticəsində çoxsaylı bədən xəsarətləri alıblar. Onlardan üçü yerindəcə keçinib, 2 nəfər ağır yaralanıb. Yaralılar cərrahi əməliyyat olunublar, birinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Artıq ölənlərin və yaralıların adları açıqlanıb. Hadisə yerində ölənlər Pavel Akopov, Marat Petrosyan və Samson Avanesyan, yaralılar isə Aram Mkrtıçyan və Qariq Qoxiryan adlı Dağlıq Qarabağ sakinləridir.
Qeyd edək ki, məlumat rəsmi dairələrdə təsdiqini tapsa da, detallar açıqlanmır. Xatırladaq ki, Ağdamın Sırxavənd kəndi 12 mart 1992-ci ildən işğal altındadır və Azərbaycan ordusu ilə təmas xəttindən uzaqda yerləşir.