Ermənistanın yeni prezidenti fəaliyyətinə kazino açmaqla başladı - Ermənilər təəccüb içindədir
Prezidentin ölkə problemlərinə dırnaqarası yanaşması cəmiyyətdə birmənalı qarşılanmır
Ermənistanın 02 mart 2018-ci ildə seçilmiş və 09 apreldən vəzifəsinin icrasına başlayacaq yeni prezidenti Armen Sarkisyan ilk olaraq Yerevanda kazino açmaq qərarına gəlib. Yerli “Jamanak (Zaman)” qəzetinin məlumatına görə, 64 yaşlı yeni prezidentin bu qərarı cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, prezidentlik kimi yüksək bir vəzifəyə seçilmiş insanın ölkənin problemlərinin həllinə kazinodan başlaması olduqca gülünc görünür. Vətəndaşlar çaşqınlıq içərisindədirlər. Yeni prezident fəaliyyətinə şəxsi biznesini gücləndirməkdən başlayır.
Yerli News.am saytının xəbərinə görə, yeni prezident özünə məxsus olan “Dvin” adlı hoteldə təmir-rekonstruksiya işlərinə start verib. Nəticədə hotel tezliklə oyun zalına çevriləcək. Xatırladaq ki, bu, ölkə qanunvericiliyində edilmiş 2017-ci il dəyişikliklərindən sonra kazinoların və oyun zallarının leqallaşdırılmasının ardınca həyata keçirilmiş ikinci böyük layihədir. Birinci kazino isə Ermənistanın ən zəngin oliqarxı sayılan millət vəkili Qaqik Sarukyana məxsusdur. Artıq iki məmur arasında ciddi rəqabət şəraiti formalaşıb. “Şanqrila” adlı kazinoya sahib olan millət vəkili prezidentə cavab olaraq paytaxtın mərkəzində ikinci bir oyun zalının tikintisinə başlayıb.