Ermənistanın yeni prezidenti Administrasiyasız qaldı - RƏZALƏT
A.Sarkisyanın nə müşaviri, nə mətbuat katibi, nə də Administrasiya rəhbəri yoxdur
Bu günlərdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Administrasiyasında çalışan aparıcı əməkdaşları işdən azad edərək Nazirlər Kabinetinə göndərməyə başlayıb. Proses ölkə konstitusiyasının 49-cu “Vətəndaş xidməti” maddəsi ilə tənzim olunsa da, olduqca xaotik aparılır. News.am saytının “Aykakan Jamanak (tərcüməsi: Erməni Zamanı)” qəzetinə istinadən yaydığı məlumata görə, bu ilin 23 mart tarixində ölkə parlamentinin qəbul etdiyi qanunvericiliyə əlavə və dəyişikliklərdən sonra Prezident Administrasiyasının əməkdaşları 1 iyul tarixinə qədər əlavə attestasiyadan keçmədən baş nazirin aparatında çalışa biləcəklər. Bu zaman işçilərlə yekun haqq-hesab aparılmayacaq və onlar əvvəlki əməkhaqqını alacaqlar.
Qeyd edək ki, dünən sabiq prezident fəaliyyətinin son günündə öz köməkçilərini, mətbuat katibini, məsləhətçiləri, müşavirləri işdən azad edib. Beləliklə, yeni seçilmiş prezident Armen Sarkisyan, sözün əsl mənasında, Administrasiyasız qalıb.