Ermənistanın növbəti prezidenti Edvard Nalbandyan olacaq - Sarkisyansayağı qalaqurma
Serj Sarkisyan vəzifəsini ən çox xarici işlər nazirinə etibar edir
Ermənistanın növbəti prezidenti hazırkı xarici işlər naziri Edvard Nalbandyan ola bilər. Ekspertlərin fikrincə, bu proqnoz təsadüfi sayıla bilməz. Belə ki, Ermənistanın hazırkı siyasi elitasında Serj Sarkisyanın ən çox etibar etdiyi şəxs məhz Edvard Nalbandyandır. E.Nalbandyan yaxın çevrəsində söz dinləyən, vəzifə ambisiyaları olmayan, S.Sarkisyana sədaqəti ilə seçilən bir insan kimi tanınır. Odur ki, S.Sarkisyan indiki vəzifəsini müvəqqəti də olsa, yalnız ona etibar edə bilər.
Yerli “Jamanak” qəzetinin məlumatına görə, mart ayında keçirilməsi nəzərdə tutulan növbəti prezident seçkiləri 2018-ci ilə təsadüf edir. İki dəfə prezident olmuş Serj Sarkisyan bu seçkilərdə namizəd ola bilməyəcək. Konstitusiyadakı yeniliklərə görə, ilk dəfə olaraq prezident ümumxalq səsverməsi ilə deyil, deputatların səsləri ilə seçiləcək. Yəni ölkə parlament idarə üsuluna keçdikdən sonra yeni prezident formal xarakter daşıyacaq. Onun səlahiyyətlərinin böyük hissəsi baş nazirə və parlamentin spikerinə keçəcək.
Yerli analitiklərin fikrincə, bu halı siyasətdə yenilik saymaq olmaz. Rusiyada Putin – Medvedev tandemi kimi Ermənistanda da Sarkisyan-Nalbandyan tandemi birincinin uzunmüddətli iqtidarını təmin etməyə xidmət edəcək. Artıq Ermənistanda S.Sarkisyanın bu qanunazidd addımını “Sarkisyansayağı qalaqurma” adlandırırlar.