\
25 Noyabr 2024 - Bazar ertəsi

İrəvanın mərkəzi etirazçılar tərəfindən zəbt edildi - Ermənistanın qara günləri

İrəvanın mərkəzi etirazçılar tərəfindən zəbt edildi - Ermənistanın qara günləri
1669baxış

Ermənistanda ictimai-siyasi vəziyyət ağırlaşmaqdadır. “Vətəndaş müqaviləsi” partiyası şurasının üzvü Nikol Paşinyan tərəfdaşları ilə birlikdə paytaxtın mərkəzi Baqramyan prospektini zəbt ediblər. İrəvanın mərkəzində avtomobillərin və piyadaların hərəkəti məhdudlaşdırılıb. Oturaq etiraz aksiyası Serj Sarkisyanın iqtidarda qalmasına qarşı yönəlib.

Yerli News.am saytının məlumatına görə, Paşinyan yaratdıqları narahatlığa görə yerli əhalidən üzr istəyib. “Biz narahatlıq yaratdığımız üçün əhalidən üzr istəyirik. Lakin biz bu kiçik narahatlıqla Serj Sarkisyan adlı böyük bir narahatlığın qarşısını almağa çalışırıq”, deyə bəyanat verən müxalifət lideri tezliklə digər küçə və prospektlərin də etirazçıların əlinə keçəcəyini vurğulayıb. Polis qüvvələri isə etirazçıların olduğu ərazini çənbərə alıb və onların daha böyük bir coğrafiyaya yayılmasına maneçilik törədir.   

Xatırladaq ki, Nikol Paşinyanın rəhbərlik etdiyi etiraz hərəkatı 31 martdan etibarən Ermənistanın şəhərlərində yürüş təşkil etməyə başlayıb. Kütləvi yürüş 13 aprel tarixində İrəvandakı mitinqlə yekunlaşıb. Sonradan bu hərəkat Fransa meydanında oturaq aksiyaya çevrilib. Məqsəd Milli Məclisin binasının qarşısını kəsərək 17 apreldə Serj Sarkisyanın baş nazir vəzifəsinə seçilməsinin qarşısını almaqdır.

Qeyd edək ki, Ermənistanın baş prokurorluğunun vəsatəti ilə Nikol Paşinyana qarşı cinayət işi açılıb.

Mediapress.az