Britaniyada yaşayan soydaşlarımız Azərbaycan Ordusuna dəstək verdi
Britaniya azərbaycanlıları Azərbaycan xalqına dəstək müraciəti edib.
"Report" həmin müraciəti təqdim edir:
"Biz, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan azərbaycanlılar, Vətənimizin bu önəmli və şərəfli dönəmində bildirmək istəyirik ki, hamımızın ürəyi, düşüncələri, canı sizinlə bir olaraq, Qarabağın döyüş meydanlarındadır. Sentyabrın 27-də şanlı Azərbaycan Ordusunun hücuma keçməyi xəbərini eşidəndə, Britaniya azərbaycanlıları gözlərindən yaş axa-axa bir-birinə göz aydınlıq verirdi.
Azərbaycandan uzaq olduğumuza baxmayaraq, bizim Vətənə olan sevgimiz səngiməzdir. Biz burada erməni işğalçıları və onları dəstəkləyən qüvvələrin siyasətinə qarşı bacardığımız qədər mübarizə aparırıq ki, Azərbaycan xalqının bu savaşına kiçicik də olsa, töhfə verə bilək.
Britaniya azərbaycanlıları daim dünya diqqətinin mərkəzində olan şəhər - Londonun ən mərkəzi küçələrində böyük nümayiş təşkil edib, erməni işğalına qarşı etiraz edərək, Britaniya və dünya ictimaiyyətinə Qarabağ haqqında həqiqətləri çatdırıb və bu işi səngimədən davam etdirir. Elə buradakı nümayişlərdə də biz erməni azğınlığı ilə qarşılaşdıq, lakin onlara layiqincə cavab verə bildik. Biz bilirik ki, bizim Ordu, bizim xalq Qarabağda onların cavabını lazımi qədər verəcək.
Biz Azərbaycan xalqına, Azərbaycan ordusuna, Azərbaycan hökümətinə demək istəyirik ki, Britaniyada yaşayan minlərlə azərbaycanlı daim sizinlədir və bu mübarizəni sizinlə çiyin-çiyinə aparmağa hazırdır. Biz söz veririk ki, burada informasiya müharibəsi apararaq, səngərlərdə döyüşən vətənimizin şərəfli oğullarına, arxa cəbhədə yumruq kimi birləşən Azərbaycan xalqına əlimizdən gələn dəstəyi edirik və edəcəyik.
Biz əminik ki, bu mübarizə haqqın, yəni Azərbaycanın qələbəsilə bitəcək!"