S.Sarkisyan parlamentdə erməniləri aladır - Aprel döyüşlərini Ermənistanın qələbəsi kimi göstərmək cəhdi
Bu gün Ermənistan parlamentində deputatlar qarşısında çıxış edən baş nazir vəzifəsinə real namizəd Serj Sarkisyan 2016-cı ilin aprel döyüşlərinə toxunub. Sabiq prezident açıq-aydın millət vəkillərini və bütövlükdə erməni cəmiyyətini aldatmaqla məşğul olub.
Yerli News.am saytının məlumatına görə, S.Sarkisyan Azərbaycanın Qarabağ problemini yalnız müharibə yolu ilə həll etməyə hazırlaşdığını bəyan edib. “Azərbaycan rəhbərliyi qarşısına qoyduğu proqramı nə dərəcə yerinə yetirə bildi, bunu təmas xəttindəki vəziyyətdən bilmək olur, əlbəttə bilmədi” – deyə Azərbaycan ordusunun açıq-aydın irəliləyişini danan S.Sarkisyan daha sonra Ermənistan ordusunun “uğurlarını” ağızdolusu vəsf etməyə başlayıb: “aprel döyüşlərinin nəticələrindən çıxardığımız dərs odur ki, diqqəti ordunun güclənməsinə, yeni silahların alınmasına və istehsalına yönəltməliyik. Ən əsası isə odur ki, erməni əsgərinin və zabitinin hərbi-vətənpərvərlik ruhu yüksək olmalıdır. Onun məişət problemləri həll olunmalı, gələcəyə inamı artırılmalıdır”. Sabiq prezidentin bu sözləri arzuları reallıq kimi təqdim etmək cəhdindən başqa bir şey deyil.
S.Sarkisyan yalanlarını bu sözlərlə bitirib: “İndi hamı silahlı qüvvələrdə aparılmış islahatların şahididir. Təmas xəttindəki avadanlıqların yaxşılaşdırılması yolunda konkret addımlar atılıb. Biz artıq 2016-cı ilin aprelindəki kimi deyilik”.