\
23 Noyabr 2024 - Şənbə

“Ermənistan Azərbaycana təkcə döyüş meydanında uduzmayıb..." - Ermənistan prezidenti Armen Sarkisyandan etiraf

“Ermənistan Azərbaycana təkcə döyüş meydanında uduzmayıb..." - Ermənistan prezidenti Armen Sarkisyandan etiraf
1140baxış

Ermənistan təkcə döyüş meydanında deyil, demoqrafik, informasiya və diplomatik müharibədə də Azərbaycana uduzub.

Bunu Ermənistan prezidenti Armen Sarkisyan yerli “Arovat” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, bu illər ərzində Azərbaycana müqavimət göstərə biləcək ordu qura bilməyiblər, hərbi texnika və hazırlıq olmayıb: “1994-cü ildə biz qalib dövlət idik, dünyada, o cümlədən Avropada və NATO-da düşünürdülər ki, regionda ən güclü ordu bizimdir. Həmin vaxt Qarabağda erməni əhalisinin sayı 100 mindən bir qədər çox idi, 26 ildən sonra yenə 100 min və ya 130 mindi. Biz bu demokrafik müharibəni uduzduq. 26 ildən sonra Qarabağda 500-600 min erməni yaşaya bilərdi. Hansı şəkildə bunu edə bilərdik? - müzakirə etmək istəmirəm, amma düşünürəm ki, mümkün idi”.

Sarkisyan deyib ki, diplomatik nümayəndəliklər 3-4 dəfə daha artıq maliyə almalı idi: “Azərbaycan isə öz diplomatiyasını gücləndirmək üçün hər şey etdi”.

Prezident erməni mediasını da tənqid edib, bu sahədə də Azərbaycandan geri qaldıqlarını deyib və medianın “Feysbuk”dan “kopipast”dan başqa bir iş görmədiyini bildirib.

Bundan başqa, o, razılaşmır ki, Ermənistanda informasiya texnologiyaları sahəsi inkişaf edib. "Bizdə buna can atan çoxlu sayda istedadlı gənclər var, lakin bizdə həmin sistem yoxdur. Belarus kimi bir ölkədə, bu gün bir neçə dəfə, on dəfə daha çox proqramçılar fəaliyyət göstərir. Xaricdən, ABŞ-dan və Kanadadan böyük miqdarda pul yatırılan proqramlaşdırma sahəsi mövcuddur. 30 000 tələbənin təhsil aldığı İnformasiya Universiteti var. Dövlət bu sahəyə pul qoymayıb, lakin müvafiq siyasət aparıb. Və bu, Belarusa aiddir, Çinə, Fransaya və ya ABŞ-a yox. Biz burada da geri qalmışıq", - deyə prezident vurğulayıb.

Sarkisyanın sözlərinə görə, Ermənistanda elm də" axsayır": "Elmlər Akademiyası bir neçə dəfə ixtisar edilib, daha pis maliyyələşdirilir. Çox yaxşı alimlərimiz var, insanlar var, amma sistem yoxdur".