"Düşmən ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!" - Şəhid Sabir İsmayılovun son VİDEOSU
"Düşmən ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!"
Sabirabad rayonundan olan şəhidimiz İsmayılov Sabir şəhidlik zirvəsinə yüksəlməmişdən əvvəl sonuncu videosunda belə deyib.
"Gənc əsgərlər qorxmasınlar, çəkinməsinlər, heç bir çətinliyi yoxdur döyüşməyin"... Belə bir mesaj qoyub özündən sonra...
Uşaqlıqdan hərbçi olmaqla bağlı planlar qurub. Adını daşıdığı babası Sabir kişi ilə bu haqda çox danışıb. İki il əvvəl həqiqi hərbi xidmətdə olub. Babası Sabir kişi nəvəsindən fəxrlə danışır: "Əsgərlikdə böyük qəhrəmanlıq göstərmişdi. Tərifnamələri, mükafatı var idi. Gələndən sonra da daim yenidən hərbiyə qayıtmaq, hərbidə ucalmaq arzusu ilə yaşayırdı. Müharibə başlayandan sonra 5 dəfə hərbi komissarlıqda olub, axırda döyüşlərə göndərilməsinə nail olub. Gedəndən sonra da yenə böyük qəhrəmanlıq göstərərək şəhid olub. Biz fəxr edirik onunla!"
Nənəsi Rəhimə İsmayılova da nəvəsi ilə fəxr etdiyini deyir: "Bütün şəhid nənələri də mənim kimi fəxr etsinlər!"
Anası İsmayılova Təranənin oğlu haqqında danışanda gözləri dolur, qəhər boğur. Oğlu ilə bərabər bütün şəhidlərə rəhmət diləyir Allahdan: "O, "Vətən bizimdir, biz döyüşməliyik" deyirdi. Mən fəxr edirəm oğlumla!"
Atası İsmayılov Ədalət oğlu haqda danışmağa çətinlik çəksə də, digərləri kimi o da oğlu ilə fəxr etdiyini deyir: "Çox qeyrətli oğul idi. Polad Həşimov şəhid olanda getdi ərizə verdi. Müharibə başlayandan sonra səfərbərlik elan edilən kimi getdi könüllü yazıldı. Prezidentimiz sağ olsun ki, torpaqlarımızı aldı".