Toy günündə bəy kostyumundan imtina edərək hərbi forma geyinən şəhid polkovnik-leytenant
44 günlük Vətən müharibəsində şəhid olan hərbçilərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında “Azərbaycan Bayrağı” ordenli polkovnik-leytenant Məmmədov Sadiq Sadəddin oğlu da var.
"Report"un Şimal-qərb bürosu xəbər verir ki, Sadiq Məmmədov 1981-ci ildə Qax şəhərində dünyaya göz açıb. Ailənin birinci övladı olan Sadiq məktəbdə oxuduğu dövrlərdə təlim-tərbiyəsi ilə seçilən şagirdlərdən olub. Dəfələrlə şahmat və idman yarışlarında birincilik əldə edib. Sadiq 1998-ci ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub, 2002-ci ildə həmin Akademiyanı leytenant rütbəsi ilə bitirib. Zabit kimi xidmətinə Salyan rayonunda "N" saylı hərbi hissədə başlayıb. Daha sonra bir neçə hərbi hissədə xidmətini davam etdirib. 22 illik xidməti dövründə nizam-intizamı, döyüş təcrübəsinə görə müxtəlif dərəcəli medallar və fəxri fərmanlarla mükafatlandırılıb, polkovnik-leytenant rütbəsinə kimi yüksəlib.
2016-cı il aprel döyüşlərində iştirak edən Sadiq Məmmədov 27 sentyabrından başlayan Vətən Müharibəsinin qəhrəmanlarından biri olub.
"Report"la həmsöhbət olan qəhrəmanın həyat yoldaşı Pərvanə Məmmədova, anası Səadət Məmmədova və atası Sadəddin Məmmədov Sadiqin vətəninə, dövlətinə və işinə bağlı olduğunu bildirir, onunla hər zaman fəxr etdiklərini qeyd edirlər.
39 yaşlı Sadiq Məmmədov 26 oktyabr tarixində Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid Qax şəhər Şəhidlər Xiyabanında dəfn olunub. 2006-cı ildə ailə həyatı quran Sadiq Məmmədovun 2 oğul və 1 qız övladı ondan yadigar qalıb.
Qeyd edək ki, polkovnik-leytenant Sadiq Məmmədov vətənə olan vəzifə borcunu layiqincə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra "Azərbaycan Bayrağı"ordeni və "Vətən uğrunda"medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!