Baş nazir əvəzi Nikol Paşinyanla görüşdən imtina etdi - Ermənistanda iqtidar-müxalifət qarşıdurması yenidən alovlanır
Ermənistanda baş nazir vəzifəsini icra edən Karen Karapetyan Nikol Paşinyanla görüşünün təxirə salınması məsələsinə aydınlıq gətirib. Bəlli olub ki, baş nazir müxalifətin lideri ilə görüşdən imtina edib.
News.am saytının yaydığı məlumata görə, baş nazir əvəzi bu barədə bəyanatla çıxış edib. Bəyanatda deyilir:
“Hörmətli vətəndaşlar. Bildiyiniz kimi, yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün sabah mənim Nikol Paşinyanla görüşüm baş tutmalı idi. Məlumat verirəm ki, görüş olmayacaq. Belə ki, Nikol Paşinyan birtərəfli qaydada görüşün formatı, gündəmi və işıqlandırılması haqda yeni tələblər irəli sürüb. O, bizim tərəfdən görüşə gələcək nümayəndələrin siyahısını verib və yalnız öz gündəmini müzakirəyə çıxaracaqlarını bildirib. Bu, nə danışıq, nə də dialoqdur. Öz gündəmini müzakirəyə çıxarmaq və öz nöqteyi-nəzərini bildirmək deməkdir. Danışıqlar aparmaq təcrübəmə istinadən deyə bilərəm ki, belə bir format görməmişəm”. Daha sonra prezident Armen Sarkisyana müraciət edən baş nazir əvəzi ondan problemlərin həlli üçün geniş tərkibdə görüş təşkil etməsini xahiş edib. Karen Karapetyan parlamentdəki və parlamentdən kənar siyasi qüvvələrin iştirakı ilə geniş tərkibdə görüşün təşkil edilməsini, bu görüşdə növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyini müzakirəyə çıxarılmasını istədiyini bildirib.
Göründüyü kimi, Ermənistanda məxməri inqilab hələ yekunlaşmayıb. Devrilmiş Serj Sarkisyandan qalan qüvvələr vəzifə səlahiyyətlərindən istifadə edərək yeni qüvvələrin iqtidara gəlməsinin qarşısını almağa çalışırlar.