Kəşfiyyatçıları xilas edib özü şəhid olan XTQ zabiti Aslan İsmayılov
44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş leytenantı Aslan İsmayılovdur.
Aslan Əvəz oğlu İsmayılov 1993-cü il iyun ayının 1-də Salyan rayonunun Sarvan kəndində anadan olub. Aslanın atası Əvəz kişinin peşəsi bənnalıqdır. Amma hazırda Baş Mil Muğan Kollektorları İdarəsində fəhlə işləyir. Anası Gülbəniz xanım isə uzun illərdir ki, Salyan Rayon Mərkəzi Xəstəxanasında tibb bacısıdır. Aslangil ailədə iki qardaş olublar. Özündən böyük qardaşı, 29 yaşlı Emin Azərbaycan Pedaqoji Universitetinin riyaziyyat və Türkiyənin Egey Universitetinin kompüter elmləri fakültələrini bitirib. Türkiyədə məskunlaşıb işləməyə başlasa da, qardaşı Aslan şəhid olduqdan sonra valideynlərinə tez-tez baş çəkmək məcburiyyəti yarandığına görə Bakıya qayıdıb. Hazırda Qida Təhlükəsizliyi Agentliyində proqramçı işləyir.
Aslan İsmayılov 1999-cu ildə İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbinin 1-ci sinfinə gedib və 2007-ci ildə 9-cu sinifi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. O, 2010-cu ildə həmin liseyi bitirərək yüksək balla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. A.İsmayılov Ali Hərbi məktəbi 2015-ci ildə motoatıcı mexanik-mühəndis ixtisası üzrə əla qiymətlərlə başa vurduqdan sonra Naxçıvandakı N saylı hərbi hissədə zabit kimi xidmətə başlayıb. Onun xidmət yeri 2018-ci ildə Xüsusi Təyinatlı Qüvvələrə dəyişdirilib.
“Hələ uşaqlıqdan idmanın kikboks növünə çox böyük marağı var idi. Orta məktəbdə dərslərini də yaxşı oxuyurdu. Amma hərbi sənətə həvəsi hər şeydən üstün idi. Məktəblər arasında keçirilən hərbi hazırlıq və idman yarışlarında komandanın kapitanı idi”- deyir atası Əvəz kişi.
Anası Gülbəniz xanım da söhbətə qoşulur: “Sentyabr ayının 26-da mənə zəng vurub dedi ki, təlimə gedirlər, zəng çatmasa nigaran qalmayaq...”.
XTQ-nin kəşfiyyat bölüyünün komandiri, baş leytenant Aslan İsmayılov Vətən müharibəsinin ilk günlərində Murovdağda olsa da, sentyabr ayının 29-dan Fizulidə başlanmış ağır döyüşlərdə iştirak edərək qəhrəmancasına döyüşüb. Cəbrayıl alınarkən orada Azərbaycan bayrağını ucaldan döyüşçülərdən biri də Aslan İsmayılov olub.
“Balamı 1 il 2 ay idi ki, nişanlamışdıq. Qızı özü sevib -seçmişdi. Nardaran kəndindən olan çox ismətli və imanlı bir ailənin övladıdır. Pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlərə görə toyu yubadırdıq. Heyf... Mənim də bütün arzularım puç oldu”, - deyə Gülbəniz xanım kövrəlir.
Aslan İsmayılov evlərinə sonuncu dəfə oktyabr ayının 4-də zəng vurub. Anası Gülbəniz xanım həmin günü belə xatırlayır: “ O qədər şən idi və gülə-gülə danışırdı ki, elə bildim müharibə artıq bitib. Sonda dedi ki, “ana, bizə - hamımıza dua edin””.
Aslan İsmayılov oktyabr ayının 8-də axşam saatlarında Hadrut istiqamətində kəşfiyyat zamanı baş verən döyüşdə aldığı güllə yarasından qəhrəmancasına şəhid olub.
“Aslan şəhid olduqdan sonra onunla birgə olmuş döyüşçülər evimizə ziyarətə gəlmişdilər. Dedilər ki, biz sizin oğlunuza bir can borcluyuq: “mühasirəyə düşmüş kəşfiyyatçıları həyatı bahasına məhz o xilas etdi...”. Mən Aslanla fəxr edirəm. Fəxr edirəm ki, balam Vətən torpağının azadlığı uğrunda ən uca məqama, şəhidlik zirvəsinə ucaldı. Ən böyük arzum odur ki, bizdən sonra gələcək nəsillər bu qəhrəman döyüşçülərimizi unutmasınlar”- deyir sonda Əvəz kişi.
XTQ-nin baş leytenantı Aslan Əvəz oğlu İsmayıov ölümündən sonra 5 medalla-“İgidliyə görə”, “Vətən uğrunda”, Fizulinin azad olunmasına görə”, Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Emil Məmmədov, Salyan
Virtualaz.org