Nikol Paşinyan bu gündən Ermənistanda iqtidara gələcək
Bu gün Ermənistanda baş naziri seçmək üçün parlamentin növbədənkənar iclası keçirilir. News.am-ın məlumatına görə, bu saatlarda iclas davam edir. Hazırda baş nazir postuna irəli sürülmüş yeganə namizəd olan inqilabçıların lideri Nikol Paşinyanın namizədliyi müzakirə olunur.
Yerli analitiklərin fikrincə, “Çıxış” blokunun lideri böyük səs çoxluğu ilə iqtidara gətiriləcək.
Hərçənd, Nikol Paşinyanın namizədliyini yalnız ”Sarukyan” və “Daşnaksutyun” bloklarının dəstəkləyəcəyi bilinir. Bu isə vacib olan 53 səsdən 47-si deməkdir. Hələlik parlamentdə ən çox 58 səsə hakim Respublika partiyası malikdir.
Xatırladaq ki, deputatlar arasında səsvermə fərdi qaydada aparılacaq və yetərsay ümumi səslər əsasında hesablanacaq. Əgər Nikol Paşinyan yetərincə səs toplaya bilməsə, seçkilər 7 gün sonra təkrarən keçiriləcək. Bu halda da nəticə əldə olunmasa, prezident parlamenti bütövlükdə buraxacaq və 30-45 gün ərzində yeni seçkilər təyin olunacaq.