Erməni deputatlar Qarabağdan Bakıya mesaj verdi
Ermənistan parlamentindəki fraksiyaları təmsil edən deputatların işğal altındakı Azərbaycan torpaqlarına səfər edərək orada formalaşmış qondarma rejimin “başçısı” ilə görüşü mesaj xarakterlidir. Ermənistan parlamentindəki fraksiyalar bununla bəyan etmək istəyirlər ki, ölkədə kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Azərbaycan torpaqlarının işğal altında saxlanılması davam edəcək. Bu səfər ermənilərin Dağlıq Qarabağ məsələsi ilə bağlı həmrəylik nümayişdir.
Bu sözləri axar-az Ermənistan parlamentinin bir qrup deputatının qondarma Dağlıq Qarabağa səfərinə münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, Ermənistanda kütləvi aksiyaların başladığı dövrdən bu, separatçı rejimin təmsilçiləri ilə bu ölkənin parlamentindəki fraksiyaların üzvlərinin keçirdiyi ikinci görüşdür:
“İlk görüş İrəvanda keçirilmişdi və Qarabağ məsələsində Ermənistandakı siyasi qüvvələrin vahid mövqedən çıxış etdiyi vurğulanmışdı. Səfərin ermənilər üçün Azərbaycan torpaqlarının işğalını simvolizə edən 8 may tarixindən bir neçə gün öncə keçirilməsi də sırf təbliğat xarakterlidir. Şuşanın işğalı günü Ermənistan parlamentində baş nazir seçkisi keçiriləcək. Düşünürəm ki, seçkinin mayın 8-nə salınması da təsadüfi deyil. Respublika Partiyasının parlamentdə çoxluqda olmasına baxmayaraq, müxalifətə keçdiyini bəyan etməsi Nikol Paşinyanın baş nazir seçiləcəyi ehtimalını artırır. Çox güman ki, yeni baş nazir parlament kürsüsündən Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları ilə bağlı daha sərt mövqe sərgiləyəcək”.
Qeyd edək ki, Ermənistan parlamentinin bir qrup deputatı ötən gün işğal edilmiş Dağlıq Qarabağa gəlib. Hakim Respublika Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan, Çarukyan Blokunun üzvləri Naira Zöhrabyan, Mikayel Melkumyan, Yelk Blokundan deputat Ararat Mirzoyan və Daşnaksutyundan Armen Rüstəmyan separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. Görüşdə Dağlıq Qarabağın gələcək statusu, aparılan danışıqlarda münaqişənin sülh yolu ilə həlli üçün təkliflərin hazırlanması müzakirə edilib.