Sarkisyanın partiyası Paşinyanın iqtidara gəlməsinə səs verəcək - Ermənistanda hakim partiyanın rəsmi bəyanatı
“Sabah iqtidarda olan Respublika partiyası ölkə baş nazirsiz qalmasın deyə Nikol Paşinyanın namizədliyini dəstəkləyəcək”. Bu barədə Milli Məclisin bugünkü brifinqində hakim partiyanın parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan açıqlama verib. O, mövcud məsələ barədə bəyanat verdiklərini deyərək əlavə edib: “Biz elə edəcəyik ki, sabah yetərsay olsun və ölkə baş nazirsiz qalmasın. Lakin biz yenə də xarici siyasət və təhlükəsizlik mövzularında narahatıq. Bu barədə Nikol Paşinyanla söhbətlər aparmışıq. O, bizi əmin edib ki, məhsuldar əməyi ilə tezliklə şübhələri yox edəcək”.
Jurnalistlərin “ola bilərmi ki, parlamentdə çoxluqda olan partiya kimi sonradan Paşinyanın proqramının əleyhinə səs verəsiniz” sualına V,Baqdasaryan bu barədə danışmağın hələ çox tez olduğunu deyərək əlavə edib: “Ermənistanda siyasi vəziyyət hər dəqiqə dəyişir. Biz bu haqda müzakirə aparmamışıq”.
Xatırladaq ki, Ermənistanda baş nazirin namizədliyi 08 may günü parlamentdə müzakirə olunacaq.