“Mən Nikol Paşinyanla işləyəcəm, ona məsləhətlər verəcəm” - Prezidentin ermənisayağı bicliyi
“Mən Nikol Paşinyanla işləyəcəm”.
News.am-ın “Exo Moskvı” radiostansiyasına istinadən yaydığı xəbərə görə, bu sözləri radio-müsahibəsi zamanı Ermənistanın yeni prezidenti Armen Sarkisyan deyib. Prezident daha sonra əlavə edib: “Əgər mən onunla meydanlarda işləyə bilmişəmsə, yəqin ki, birlikdə işləyə biləcəm. Nəinki biləcəm, hətta əminliklə deyərdim ki, çiyin-çiyinə işləyəcəm. O, cavan istedadlı insandır... Elə bir adamdır ki, gənclərin və yaşlıların emosiyalarını, fikirlərini və istəklərini hiss edir və istedadla idarə edə bilir. Ancaq onun necə bir baş nazir olacaq, zaman göstərəcək. Mən həyat təcrübəmi və prinsiplərimi onunla bölüşməyə və ehtiyacı olarsa, ona məsləhətlər verməyə hazıram. Mənim üçün əsas prioritet qanun, qanunvericilik və konstitusiyadır. Bu, həmişə belə olub və belə də qalacaq. Kimsə qanunvericiliyə və konstitusiyaya qarşı çıxmağa çalışsa, mənim şəxsimdə qarşısında divar görəcək ”.
Paşinyanın baş nazir seçilmək ehtimalına toxunan prezident bunu Tanrının qisməti adlandırıb. Bununla belə əlavə edib ki, 8 mayda mütləq Ermənistan baş nazirini seçəcək. A.Sarkisyan gələcək baş nazirin işlərinin xeyli çətin olacağını vurğulayaraq deyib: “kənardan tənqid etmək problemi həll etməkdən çox asandır. Konstruktiv fəaliyyət həmişə göstəriş verməkdən çətin olub”. Sonda prezident Rusiyanın Ermənistan üçün ən yaxın tərəfdaş olduğunu bildirərək, Paşinyanın bu yola sadiq qalacağına ümidvar olduğunu bildirib.