Xankəndi sürətlə boşalır - yeni müharibə təhlükəsi
Xankəndidəki terrorçuların “xarici işlər naziri” David Babayan ermənilərin Qarabağda qalmaq istəmədiyini açıq şəkildə etiraf edib.
“Burada yaşamağa davam etməliyik, Qarabağda həyat sadəcə yaşamaq deyil, xüsusi bir missiyadır. Ona görə buna davam etməliyik. Əlbəttə, bu cəhdlər nəticə vermir, amma insanların ümidini, inancını gücləndirmək üçün hər şeyi etməliyik”, - Babayan deyib.
Və bununla təsdiqləyib ki, rus sülhməramlılarının arxasında gizlənən terrorçular ermənilərin köçünün qarşısını ala bilmir.
David Babayan bir neçə həftə öncə rus jurnalist Darya Aslamovaya müsahibəsində də əhalinin köçünün başlandığını etiraf etmişdi.
Erməni jurnalist Sovinar Barxudaryan isə rus sülhməramlılarına bel bağlamaq haqda danışarkən deyirdi ki, gələcək naməlumdur: “İnsanlar bilmirlər ki, getsinlər, yoxsa qalsınlar, 4 il sonra nə olacağını bilmək çətindir, biz bir həftə sonra nələr olacağını bilmirik”.
Son bir həftədə Xankəndidəki ermənilərin 30 faizi susuz qalıb. Onlar həm də yeni müharibənin olacağından qorxurlar.