Fərrux yüksəkliyində səngər qazan Azərbaycan hərbçiləri insan qalıqları aşkarladı
Azərbaycan ordusunun bölmələri Xocalı inzibati rayonunun Fərrux kəndini və kəndin ətrafındakı Daşbaşı yüksəkliyini nəzarətə götürdükdən sonra orada səngər qazarkən insan qalıqları aşkar ediblər. KİV-lər xəbər verir ki, həmin qalıqların 1-ci Qarabağ müharibəsi zamanı Fərrux kəndi və Daşbaşı yüksəkliyi uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduqları təxmin edilir.
Qeyd edək ki, 1-ci Qarabağ müharibəsi zamanı əvvəlcə Milli Qəhrəman Şirin Mirzəyevin batalyonu Daşbaşı yüksəkliyini düşməndən azad edib, lakin əldə saxlaya bilməyib. Yüksəklik dəfələrlə əldən-ələ keçib, düşmən oradan Ağdam şəhərini və kəndlərini daimi atəş altında saxlayıb. 1993-cü ilin qış əməliyyatında da Fərrux yüksəkliyi uğrunda şiddətli döyüşlər gedib, Azərbaycan ordusu bu döyüşlərdə yüzlərlə itki verib.
Tapılmış qalıqlarla bağlı müvafiq araşdırma və dəqiqləşmələr aparıldığı bildirilir.