\
22 Noyabr 2024 - Cümə

Müalicədən imtina edib döyüşlərə qayıdan qazimiz: "Məni Xocavənddə iki dəfə snayperlə vurdular

Müalicədən imtina edib döyüşlərə qayıdan qazimiz: "Məni Xocavənddə iki dəfə snayperlə vurdular
1670baxış

"Mən 14 il Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçusu olmuşam. Müharibə başlayana qədər müxtəlif xarici ölkələrdə hərbi kurslarda iştirak etmişəm. Həmçinin Türkiyədə “Komando”, “Balıq adam”, “Taktiki atış”, “Terrorla mübarizə” kurslarını keçmişəm. Müharibə başlayanda, sentyabrın 26-dan 27-nə keçən gecə xüsusi təyinatlı qüvvələrin tərkibində Kəlbəcər, Murov dağ istiqamətində Koroğlu, Susuzluq postlarında döyüşmüşəm”.

Bunu “Report”a açıqlamasında Vətən müharibəsi qazisi Kamran Babayev deyib.

O bildirib ki, sentyabrın 30-u Koroğlu postunda ağır döyüşlər zamanı yaralanaraq qapalı kəllə-beyin travması alıb:

“Bir gün müalicə alandan sonra imtina etmişəm. Yenidən döyüşlərə qatıldım. Füzuli-Cəbrayıl, Xocavənd, Hadrutun , eləcə də həmin əraizlərdəki strateji yüksəkliklərin işğaldan azad olunması uğurunda gedən əməliyyatlarda iştirak etmişəm. Xocavənddə ikinci dəfə yaralandım. Mühasirəyə düşmüşdük. Həmin vaxt snayper atəşi nəticəsində iki ayağımdan yaralandım. Döyüş meydanından çıxarılaraq Horadizə təxliyə olundum. Oradan da Bakıya gətirilmişəm”.

Kamran Babayev qeyd edib ki, müharibədə aldığı yaralar səbəbindən fəaliyyətini hərbi sahədə davam edə bilməyib:

“Üçüncü qrup əliləm, təqaüd alıram. Müharibədən sonra Prezident tərəfindən evlə təmin olundum. Həmçinin "Hərbi xidmətlərə görə", "Şücaətə görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişəm. Hazırda işləyirəm, Hərbi Qənimətlər Parkında kassirəm".