\
22 Noyabr 2024 - Cümə

3 medalla daxmada yaşayan qazi: “Torpağımı da əlimdən aldılar” - Açıqlama

3 medalla daxmada yaşayan qazi: “Torpağımı da əlimdən aldılar” - Açıqlama
1514baxış

Sosial şəbəkədə Astara rayonunun Səlivə kəndində Vətən müharibəsi qazisi Məlik Məlikovun yaşadığı evin görüntüləri paylaşılıb.

 
 
Jurnalist Kamil Həmidovun çəkdiyi və paylaşdığı fotolarda qazinin palçıqdan hörülmüş balaca daxmada ailəsi və atası ilə birgə yaşadığı bildirilir. Ölkə başçısının 3 medalla təltif etdiyi qazi ev deyilməsi mümkün olmayan tikilidə yaşayır. Dövlət qurumlarının nümayəndələri və məmurlar qaziyə kömək etmədikləri üçün sosial şəbəkə istifadəçilərinin qınağına tuş gəliblər.
 
Mediapress.az xəbər verir ki, Vətən müharibəsi iştirakçısı Məlik Məlikov Cebhe.info-ya bildirib ki, ona nəinki kömək etməyiblər, hətta öz torpağını da əlindən alıblar:
 
 
“Müharibədən qabaq, 3 il öncə ev tikmişəm, yarımçıq qalıb, tikib bitirə bilməmişəm. “Füzulinin azad olunması”, “Xocavəndin azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşam. İcra nümayəndəsi, bələdiyyə mənim torpağımı əlimdən alır, evi əmimin həyətində tikmişəm. İcra Hakimiyyətindən heç kim qapımı açmayıb. Sizin sayta açıqlamada deyiblər ki, mən ikimərtəbəli ev tikirəm. Gəlib, görsünlər ki, mənim villam necədir”.
 
 
Məsələ ilə bağlı Astara rayonu Səlivə kənd icra nümayəndəsi və kənd bələdiyyə sədri paylaşılan evin qazinin atasına məxsus olduğunu bildirmişdilər. Kənd icra nümayəndəsi Əbülfəz Qüdrətov qazinin əlilliyi olmadığı üçün əlillik təyin olunmadığını və işsiz olduğunu vurğulayıb:
 
 
“Ev onun atasının evidir. İndi ev tikmək istəyirsə, mən nə deyə bilərəm? Bizə müraciət olunmayıb. Olunsa belə, biz ona nə kömək edə bilərik ki? Atası ilə yaşayır, heç bir yerdə işləmir. Təsərrüfatla məşğul olurlar, iş olanda işləyir. Bu yaxında eşitmişəm ki, Bakıda haradasa işləyir”.
 
 
Kənd icra nümayəndəsi qazinin özünə ikimərtəbəli ev tikdirdiyini qeyd edib.
 
 
Kənd bələdiyyəsinin sədri Mayıl Muradov da açıqlamasında qazinin atasının öz şəxsi hesabına ev tikdirdiyini deyib.
 
 
Astara rayon icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıqova bildirib ki, qazi Məlik Məlikov ev istəyir:
 
 
"O evlər əllilliyi olan qazilərə verilir, bu qazimiz sığorta da almayıb. Çünki onun xəsarətləri yüngüldür, əlliliyi yoxdur. Amma biz əlimizdən gələn qədər ona və digər qazilərə yardımlar etmişik. Adi günlərdə ərzaq göndəririk, bayramlarda 100 manat pul verilir. Qazilərimiz bizdən razıdır. Bunu özləri də təsdiqləyə bilər. Onlar bizim baş tacımızdır, balamızdır".