Zəngilanda "Azpetrol" açıldı
Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, işğaldan azad olunmuş Qarabağ torpağında ilk yanacaqdoldurma məntəqəsini avqustun 18-i istismara verdi.
“Azpetrol”dan “APA-Economics”ə verilən xəbərə görə, sayca 94-cü və ilk səyyar (modul) tipli yanacaqdoldurma məntəqəsi Zəngilan rayonunun Ağalı kəndi ərazisində yerləşir.
Yanacaqdoldurma məntəqəsinin açılışında “Azpetrol” şirkətinin Baş Direktoru Ceyhun Məmmədov, şirkətin əməkdaşları və Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəliyinin əməkdaşları iştirak etdilər.
“Azpetrol” şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. “Azpetrol” şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 94 yanacaqdoldurma məntəqəsi, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.