\
22 Noyabr 2024 - Cümə

Diaspor nümayəndələrinin dumanlı Şuşaya səfəri başa çatdı - Fotolar

Diaspor nümayəndələrinin dumanlı Şuşaya səfəri başa çatdı - Fotolar
1435baxış

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə tətillərini Azərbaycanda keçirməyə üstünlük verən 19 ölkədən 70-ə yaxın diaspor nümayəndəsinin Şuşaya növbəti səfəri başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, ölkəmizin mədəniyyət paytaxtına aparan yol boyu əllərində Azərbaycan bayraqlarını dalğalandıran soydaşlarımız öz sevinclərini Qarabağa həsr olunmuş xalq və bəstəkar mahnılarını birgə oxumaqla nümayiş etdiriblər.

 

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində yeddinci dəfə gerçəkləşən səfər çərçivəsində diaspor nümayəndələri Şuşanın baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər görməli yerləri ziyarət edib, post-müharibə dövründə qədim şəhərimizdə aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olublar.

Səfər edənlərin arasında məşhur aktyor Van Dammın gəlini Suada Hacızadə də olub. O, Şuşadan fotolar paylaşıb və səfərin təşkili üçün Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

Səfərin sonunda ənənəyə uyğun olaraq diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağı açıb, “Qarabağ Azərbaycandır! Şüarını səsləndirib və “Yallı” sədaları altında rəqs ediblər. Onlar bu xoşbəxtliyi xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər.