“Rolls-Royce”-un xeyrinə rüşvət verən sabiq erməni səfir müttəhimlər kürsüsündə - ABŞ-da
ABŞ federal prokurorluğu Ermənistan və Rusiya vətəndaşlarına qarşı ittiham irəli sürüb. İttihama əsasən, həmin şəxslər Rolls-Royce avtomobil holdinqinin xeyrinə rüşvət verməkdə və müəyyən qisim pulların mənimsənilməsində günahkar bilinirlər.
News.am-ın məlumatına görə, Azad Martirosyan adlı 62 yaşlı şəxs Ermənistan vətəndaşıdır və bir müddət bu ölkənin Cində səfiri vəzifəsində çalışıb. O, Rusiya vətəndaşı Vitaliy Luşkovla cinayət əlaqəsinə girərək, Qazaxıstanla Çin arasındakı qaz xəttinin çəkilməsi üçün 145$-lıq kontrakta imza atdırıb. Bu işdə hətta Yunanıstan vətəndaşı, qaz və neft məsələləri üzrə müşavir Petros Kontoqurisin də adı hallanır. Sonuncu ötən ilin oktyabrında pulların mənimsənilməsi cinayət işinin fiqurantı kimi gündəmə gəlib.
Bloomberg-in məlumatına görə, həmin tarixdə “Rolls-Royce”-un Ohayo ştatındakı törəmə müəssisəsi “KazMunayQaz” adlı Qazaxıstan milli şirkətində pulların mənimsəniləcəyini bilə-bilə Petros Kontoqurisun şirkətinə bir neçə dəfə külli miqdarda pul köçürmüşdü.
ABŞ Dövlət departamentinin saytı məlumat verir ki, hər 3 şübhəli şəxs ABŞ sərhədlərindən kənarda yaşayır.