Prezident: “Heç kim vətən yolunda vuruşmaq istəmir” - Erməni ordusunda BİABIRÇILIQ - VİDEO
Bu gün Ermənistanın prezidenti Armen Sarkisyan “Vətənin keşikçilərinin reabilitasiya mərkəzi”ni ziyarət edərkən, sözün əsl mənasında, dəhşətə gəlib. O, müalicə alan hərbçilərin tibbi ləvazimatları, dərmanları və hətta proseduraları dövlət sifarişi ilə almadıqlarını eşitdikdə, deməyə söz tapmayıb. Məlum olub ki, dövlətin maraqları yolunda sağlamlığını itirmiş insanlar illərdir öz hesablarına müalicə olunurlar.
Mediapress.az News.am-a istinadən xəbər verir ki, prezident mərkəzin büdcədən maliyyələşdirildiyi ilə maraqlandıqda, hospitalın direktoru Aykui Minasyan ancaq ianələr hesabına fəaliyyət göstərdiklərini bildirib və əlavə edib ki, hətta zəruri tibbi ləvazimatları belə dövlət təchiz etmir.
Onun bu cavabı prezidenti son dərəcə məyus edib. A. Sarkisyan bir daha soruşub: “Belə çıxır ki, xidmət zamanı yaralanan qəhrəmanın dərmanları dövlət hesabına təchiz olunmur?!”
Mərkəzin direktoru prezidentə izah edib ki, digər səhiyyə müəssisələrində olduğu kimi “Vətənin keşikçilərinin reabilitasiya mərkəzi”ndə də dövlət sifarişli nadir dərman preparatları var. Onlar əsasən çox ucuz olanlardır. Qalan dərmanlar və proseduralar isə bahalı olsa da, məcburən xəstə tərəfindən ödənilir.
Prezidentin “bu problemi yuxarılar qarşısında qaldırmışsınızmı” sualına Aykui Minasyan dəfələrlə sabiq Müdafiə və Səhiyyə nazirlərinə müraciət etdiklərini, lakin müraciətlərinin cavabsız qaldığını bildirib.
Prezident direktordan problemi yazılı formada və mümkün qədər qısa şəkildə, cəmi bir neçə müddəa ilə ona təqdim etməsini xahiş edib və bildirib ki, məsələni lazımı orqanlarla müzakirə edəcək.
Daha sonra prezident Armen Sarkisyan mərkəzin qarşısında jurnalistlərə açıqlama verib. O, əsəbi halda belə bir fikir səsləndirib: “Təəssüf ki, həyatlarını risk altına atmış uşaqlar sağlam adamın da yaşaya bilməyəcəyi qədər az pensiya alır.”
Problemin illər boyu dərin fəsadlar törətdiyini görən prezident sonda belə bir atmaca atıb: “Elə ona görə də heç kim vətən yolunda vuruşmaq istəmir və istəməyəcək”.