Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
İyunun 1-i saat 09:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Mediapress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Saat 10:00 radələrində isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında mühəndis texnikası cəlb etməklə Şuşa və Xocavənd rayonları istiqamətində döyüş mövqelərinə təminat yolunun çəkilməsi məqsədilə torpaq yolda genişləndirmə və təmir-bərpa işləri görməyə cəhd ediblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.