Paşinyanın arvadı Annaya görə 7 erməni tutuldu
Musavat.com Ermənistan qaynaqlarına əsasən xəbər verir ki, bu ölkənin İstintaq Komitəsi aprelin 24-də baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın "Tsitsernakaberd" memorial kompleksini ziyarəti zamanı baş vermiş insidentlə bağlı cinayət işi açıb.
İndiyə qədər 7 nəfər həbs edilib. Videodan da göründüyü kimi "memorial kompleks" adlanan ucubə yerdə etirazçı ermənilər Anna Akopyanı görən kimi Paşinyana qarşı şüarlar və söyüşlər səsləndiriblər. Anna və yanındakı azyaşlı qorxudan çaşqın vəziyyətə düşürlər.
Musavat.com-un açıq qaynaqlardan əldə etdiyi məlumatlardan aydın olur ki, bu aksiyada iştirak edənlər hazırda təqib olunurlar; onların bir çoxu da artıq İrəvan zindanlarındadır.
Lakin Paşinyanı özünün əl "demokratı" sayan AB və ABŞ bu repressiyalara görə rəsmi İrəvana "qaşın üstə gözün var" demir və deməyəcək.
Azərbaycanda dövlət çevrilişinə cəhdlər edib, vətənə xəyanətdə suçlanan dönüklərin həbsinə, İrana cəsusluq edənlərin ifşasına qarşı bayraq açan Qərb paytaxtları iş Paşinyana gəlincə susmağa üstünlük verirlər...