Naxçıvanda bir sıra mühüm strateji yüksəklik və şərab zavodu Azərbaycan Ordusunun nəzarətinə keçib - VİDEO
Əlahiddə Ümumqoşun Ordunun bu günlərdə həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində ötən əsrin 90-cı illərindən Ermənistanın işğalı altına düşən 11 ha ərazi və mühüm strateji yüksəkliklər ordumuzun nəzarətinə keçib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, işğaldan azad edilən mühüm obyektlərdən biri Sovetlər Birliyi dönəmində Sədərək rayonunun Heydərabad qəsəbəsində fəaliyyət göstərən şərab zavodudur. Ordumuzun şəxsi heyəti həmin ərazini düşmən qüvvələrindən təmizləyərək strateji mövqelərdə postlar qurublar. Artıq əraziyə əsgərlərimiz nəzarət edirlər.
Şərab zavodu və onun ətrafına ermənilər yüzlərlə mina basdırıblar. Hazırda ərazidə minatəmizləmə işləri həyata keçirilir və tam yararsız vəziyyətə salınan şərab zavodu tullantılardan təmizlənir.