“Azərbaycandan gəlmələr” hökumətə etiraz etdi: "İllərdir evsizik" - İrəvan çalxalandı - VİDEO
1728
I Qarabağ müharibəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və azərbaycanlıları öz yurdlarından qovmasından sonra Bakını tərk edən ermənilər İrəvanda hökumətə qarşı etirazlara başlayıb.
Mediapress.az publika.az-a istinadən xəbər verir ki, Ermənistanda "Azərbaycandan gəlmələr” adı ilə tanınan ermənilər hökumət binası önündə etiraz aksiyası keçirib.
"Azərbaycandan gəlmələr” iqtisadi inkişaf nazirinin birinci müavini Vaçe Terteryanın onların evlə təmin edilməsi məsələsinə mənfi cavab verməsinə etiraz edirlər.
V. Terteryan bildirib ki, "2019-cu il dövlət büdcəsinə qaçqınlıarın mənzil məsələsi daxil edilməyib”.
Etirazçılar "Ermənistanda illərdir yaşayırıq, amma evsizik. Serj Sarkisyanın dövründə bilirdik ki, bizi saymırlar. İndi hakimiyyət dəyişib, biz haqqımızı tələb edirik. Bizi niyə "Azərbaycandan gəlmə” adlandırırlar. Biz Azərbaycanda aşağı təbəqə sayılmırdıq, amma bu gün Ermənistanda üçüncü, dördüncü söz insanı sayılırıq, bizi aşağılayırlar” deyə bildirirlər.
"Azərbaycandan gəlmə” olan bir qadın Ermənistan pasportunu göstərərək, "İstəyirik ki, bizi qaçqın, "Azərbaycandan gəlmə” adlandırmasınlar, nə üçün bizim uşaqlar məktəbdə utanmalıdır?!” deyə etiraz edir.
Etirazçılara yaxın günlərdə onların probleminin ətraflı öyrəniləcəyi vədi verilib. Lakin etirazçılar illərdir əziyyət çəkdiklərini deyir və artıq vədlərə inanmadıqlarını bildirirlər.