Ordumuz Ermənistanın 4 pilotsuz uçuş aparatını məhv edib
1623
Azərbaycan Ordusu tərəfindən 2018-ci ildə cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə aid 4 ədəd pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Son 3 ildə isə Ermənistan Ordusuna aid 31 PUA vurulub.
"AzeriDefence”nin Azərbaycan Müdafiə Nazirliyinin məlumatları əsasında apardığı dəqiqləşdirmələrə görə, zərərsizləşdirilən PUA-lardan ikisi X-55 tipli taktik PUA, ikisi isə multikopter sinfinə aid PUA olub.
X.-55 tipli PUA-lardan biri martın 3-də cəbhənin Ağdam istiqamətində, digəri isə iyunun 19-da cəbhənin Füzuli-Xocavənd istiqamətində məhv edilib.Multikopter tipli PUA-lardan biri fevralın 21-də cəbhənin Füzuli istiqamətində xüsusi vasitələrin tətbiqi nəticəsində ələ keçirilib. Digər PUA isə aprelin 17-də cəbhənin Tərtər istiqamətində aşkarlanaraq məhv edilib.
X-55 taktik PUA Rusiyanın "AFM Servers” şirkəti tərəfindən istehsal edilmiş "Ptero-5E” modelidir. Adıçəkilən PUA Ermənistan Ordusunun silahlanmasına 2013-cü ildə daxil edilib.
Qeyd edək ki, 2017-ci ildə cəbhə xəttində Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin 5 PUA-ı məhv edilib, kustar üsulla hazırlanmış havadan videomüşahidə vasitəsi (zond) isə ələ keçirilib. 2015-2016-cı illərdə cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə aid 22 (2015-ci ildə 12 və 2016-cı ildə 10) pilotsuz uçuş aparatı Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib.