Valideynləri erməni hərbi əsirə yemək və paltar göndərdilər - Azərbaycanın xoş məramı
Azərbaycan dövləti hərbi əsirlərə qarşı növbəti dəfə humanist addım nümayiş etdirib. Mediapress.az Ermənistanın News.am saytına istinadən xəbər verir ki, ötən ilin yayında Qazaxda əsir götürülmüş Ermənistan ordusunun xüsusi təyinatlısı Karen Kazaryan bayramqabağı valideynlərindən sovqat alıb. Berdavan yerli kənd sovetinin sədri Smbat Muqdusyanın məlumatına görə, Yeni il və xristianların Milad bayramı münasibəti ilə hərbi əsrin valideynləri “Qızıl Xaç” komitəsinin xətti ilə övladlarına qida məhsulları və geyim göndəriblər. “1 yanvar günü Kazaryan ailəsində oldum. Mənə dedilər ki, bayramlardan sonra həmkəndlilərlə birlikdə hökumətə qarşı etiraz aksiyasına çıxacaqlar. Kənd camaatı iqtidardan Karenin qaytarılması üçün konkret addımlar atmağı tələb edəcəklər”, - deyə kəndin rəhbəri bildirib.
Qeyd edək ki, qarşı tərəf israrla Karen Kazaryanın dinc kənd sakini olduğunu bildirsə də, adıçəkilən əsirin əynində Ermənistan ordusunun xüsusi təyinatlı qüvvələrinin forması olan və tam döyüş təchizatı ilə Azərbaycanla sərhəddəki postlardan birində çəkilmiş fotoları mövcuddur. Həmin fotolarda K.Kazaryan əlində avtomat postda növbə çəkir.