Sabiq döyüş iştirakçısı N.Paşinyanı cinayətkar adlandırdı - Qarabağ klanı yeni iqtidara müqavimət göstərir
Problemlər burulğanından heç cür çıxa bilməyən yeni Ermənistan iqtidarı digər tərəfdən “Qarabağ” klanının təmsilçiləri ilə gizli mübarizə aparır. Bir-birinin ardınca həyata keçirilən həbslər, araşdırmalar “qarabağlı” erməniləri iqtidardan narazı salır. Mediapress.az News.am-a istinadən xəbər verir ki, dünən sabiq silahlı dəstə rəhbəri, Qarabağda doğulmuş və döyüşlərdə komandir kimi iştirak etmiş şəxs Ermənistanın yeni iqtidarını sərt şəkildə tənqid edib. O, hətta N.Paşinyanın jurnalist fəaliyyətini də şübhə altına alaraq baş naziri 25 min drama sifarişli yanlış yazılar yazmaqda ittiham edib.
“Nikol Paşinyan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın oğurluq siyasətini davam etdirir”. Bunu Qarabağ müharibəsinin iştirakçısı “Talin” hərbi dəstəsinin komandiri olmuş Sarkis Karapetyan jurnalistlərə açıqlamasında deyib. Sabiq döyüşçünün sözlərinə görə, il ərzində Ermənistanın 40 mlrd dramlıq sərvəti xaricə aparılır. Amma heç kim bu barədə danışmaq istəmir. “Nikol birinci prezidentin sələfi kimi onun cinayətkar siyasətini davam etdirir. Nədənsə hamı L.Ter-Petrosyanın cinayətlərindən danışmaq istəmir, 1 mart hadisələrindən danışır. Hərçənd Levon da əhalini qarət etməkdə və qətlə yetirməkdə günahkardır. Atəşkəs rejimi zamanı 3 mindən çox əsgərimiz ölüb. Bunun da məsuliyyəti L.Ter-Petrosyanın çiyinlərindədir. Bizim ordu irəli gedəndə o, geri qayıtmaq haqda əmrlər verirdi” – deyə açıqlama verən sabiq dəstə komandiri sonda N.Paşinyanın sifarişli jurnalist olduğunu bildirərək deyib: “Nikol jurnalist işləyəndə 25 min drama həqiqətə uyğun olmayan yazılar yazırdı. İndi o, özünü xalqın təmsilçisi kimi təqdim edə bilməz” .