Deputatın restoranında atışma oldu, 1 ölü, 8 yaralı var - Ermənistanda
Ermənistan parlamentinin sabiq deputatına məxsus olan restoranda silahlı insident baş verib. Mediapress.az Shamshyan.com-a yönəlik məlumat yayan News.am-a istinadən xəbər verir ki, atışmada ölən və yaralananlar var. Sabiq millət vəkili Məlik Manukyanın Abovyan şəhərində yerləşən “Partez” adlı restoranı döyüş meydanını xatırladır. Hadisə yerində çoxlu sayda qəlpələr, qan izləri, qan ləkəsi olan ling (qeyd: “lom” inşaat aləti), həmçinin Makarov və TT markalı odlu silahlar aşkar edilərək götürülüb. Ölən şəxsin və 8 yaralının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri həyata keçirilir. CM-nin 104, 34-104 və 235 maddələri üzrə cinayət işi başladılıb. Şahidlərin ifadələrinə görə, zərərçəkmişlərin arasında sabiq millət vəkilinin yaxın qohumları da var.