L.Ter-Petrosyanın yaxın silahdaşı N.Paşinyanın mətbuat katibi təyin olundu - “Qarabağ klanına” növbəti zərbə
Bir neçə gün əvvəl baş nazirin təklifi ilə tanış oldum. Tərəddüd etmədən mətbuat katibi vəzifəsini qəbul etdim. Mediapress.az xəbər verir ki, bu barədə XİN-nin sabiq mətbuat katibi Ermənistan Milli Konqresinin idarə heyətinin üzvü Vladimir Karapetyan «Facebook» səhifəsində məlumat yayıb.
“Desəm ki bu təklif mənim üçün gözlənilməz olub, sadəcə heç nə demiş olmaram. Mən təklifi qəbul etdim. İlk növbədə ofisdə yoldaşlarla məsləhətləşdim. Artıq olar deyəm ki, hamı bir nəfər kimi məni dəstəklədi. Dövlət qulluğu yazılmış və yazılmamış məhdudiyyətləri özündə birləşdirir. Onlardan biri partiya mənsubiyyəti ilə bağlıdır. Mən dövlət qulluğunda olacağım dövrdə siyasi fəaliyyətimdən imtina edəcəyəm. Mənim üçün dövlət qulluğuna qayıtmaq böyük şərəfdir. Buna görə baş nazir Nikol Paşinyana təşəkkür edirəm”, - deyə V.Karapetyan status paylaşıb.
Mediapress.az həmçinin xəbər verir ki, yeni təyinat Nikol Paşinyanın Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın yaxın adamı olduğu haqda iddiaları bir daha təsdiqləmiş olacaq. Bu isə siyasi səhnədə sıxışdırılmış “Qarabağ klanı” üçün ən böyük zərbə sayıla bilər.
Xatırladaq ki, Levon Ter-Petrosyanın rəhbərliyi dövründə “Qarabağ münaqişəsi” həll olunmağa yaxın idi. Lakin sonradan iqtidarı ələ keçirən “Qarabağ klanı”nın nümayəndələri konflikti bilərəkdən dondurmaq yolunu seçdilər.