Ermənistanın XİX müstəntiqləri kütləvi şəkildə istefaya gedirlər - Sübutu olmayan cinayət işlərinə görə
Ermənistanın Xüsusi İstintaq Xidmətinin (qısaca: XİX) bir neçə müstəntiqi öz ərizəsi ilə işdən azad olub. Mediapress.az bu ölkənin “Joxovurd” qəzetinə yönəlik məlumat yayan News.am-a istinadən xəbər verir ki, istefaya gedən müstəntiqlər yoldaşları arasında bəzi etiraflar ediblər. Onlar müəyyən məmurların cinayətlərini təsdiq edə bilmədikləri halda məhkəmələrə həbs qətimkan tədbiri haqda vəsatət verməyə məcbur olduqlarını, bu əsassız vəsatətlərin məhkəmələrdə rədd edildiyi üçün gülünc vəziyyətə düşdüklərini deyiblər. Müstəntiqlər bir çox cinayətlərin sübutları olmadığı üçün pis vəziyyətə düşdüklərindən şikayət ediblər. Məlumatda o da bildirilir ki, adıçəkilən qəzetin əməkdaşları məsələni araşdırmaq üçün XİX-lə əlaqə saxlayıblar. Xidmətdən bu qalmaqallı hadisəyə aydınlıq gətirilməsə də, 3 müstəntiqin istefa etdiyi faktı təsdiq olunub.